Toy etmək istəyənlərə qadağa – Detallar üzə çıxdı
10:30 SosialAzərbaycanda toyların beynəlxalq standartlara uyğunlaşdırılması təklif edilib. Belə ki, deputat Razi Nurullayev belə məclislərdə israfçılığın və həddindən artıq səs-küyün ciddi sosial və sağlamlıq probleminə çevrildiyini deyib. Onun çıxışı toy mədəniyyətində köklü dəyişikliklərin mümkünlüyü ilə bağlı müzakirələrə səbəb olub.
Bu təşəbbüs yaxın vaxtlarda toylarla bağlı qadağaların tətbiqinə yol aça bilərmi?
Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, ölkəmizdə toy sadəcə bir məclis yox, həm də sosial status və güc nümayişi meydanı kimi görülür:
"İnsanlar "Kim daha yaxşı stol açdı", "Kimin toyun daha fərqli keçdi" kimi cümlələrlə yarışır. Düşünürəm ki, israf və ifrata getməyimizin səbəbi də məhz budur. Etiraf edək ki, bu, toyun yox, sosial status savaşının nəticəsidir. Həmçinin xına, yas tipli məclislərdə də vəziyyət belədir. Niyə bu yarışma özünü daha çox toylarda hiss etdirir? Fikrimcə, səbəb toyların ölkəmizdə böyük bir biznesə çevrilməsi və şadlıq saraylarının bu sistemi maksimum istismar etməsi ilə əlaqəlidir".

Yusif Nəbiyev
Sosioloq bildirib ki, restoranlara müəyyən qadağalar tətbiq edilməlidir:
"Şadlıq saraylarına tapşırıq verilsə ki, məclis sahiblərinə menyu, musiqi, çalğıçı kimi məsələlərdə öz şərtlərini diqtə etməsin, bu status savaşı da kifayət qədər zəifləyəcək. Düzdür, tam aradan qalxmayacaq, amma bu həddə də olmayacaq. Dövlət bu istiqamətdə qərar verərsə, tədricən hər şey öz qaydasına düşəcək".
Yusif Nəbiyev qeyd edib ki, daha sadə, kiçik toy məclislərinin sayı çoxaldıqca vəziyyət dəyişəcək:
"İnsanlar görəcək ki, sadə toy zəiflik, kasıblıq, zövqsüzlük demək deyil. Yəni hansısa qadağalara ehtiyac belə yoxdur. Bu sahədə özbaşınalıqla bağlı mübarizə üçün aidiyyəti orqanların qaynar xətləri olsa, oraya şikayət edildiyi halda restoran və şadlıq sarayları ciddi cəzalandırılsa, məsələ qısa zamanda həllini tapacaq".