Həyatı mübarizə kimi yaşayan müəllim–döyüşçü

3.300

"Həyat mübarizədir. Həyat sadəcə var olmaq deyil. Həyat yaşadaraq yaşamaqdır."
Bu sözlər təsadüfi deyilməyib. Onu deyən insan bu fikirləri həm həyatında, həm də döyüş meydanında sübut etmiş bir şəxsdir. Vətən Müharibəsi iştirakçısı, baş leytenant, müəllim Əli Abbasov qələmi ilə də, silahı ilə də Vətənə xidmət edən ziyalıdır.

Əli Abbasov 19 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. Bakı  Dövlət Universitetini bitirib. Bu gün o, Bakı şəhərinin Qızıldaş qəsəbəsində yerləşən Şəhid Azər Namazov adına 180 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Onun dərsləri təkcə fənn bilikləri ilə deyil, həm də vətənpərvərlik ruhu ilə yadda qalır. Çünki o, danışdıqlarını yaşayan, öyrətdiklərini isə əməli ilə sübut edən müəllimlərdəndir.

Əli Abbasov əslən Yardımlı rayonunun Dağüzü kəndindəndir. Halal zəhmətə söykənən ailə tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılıq onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. Bu dəyərlər onun həyat yolunun mənəvi bünövrəsini təşkil edib. Məhz bu bağlılıq onu Vətən çağıranda tərəddüdsüz ön cəbhəyə aparıb. O, İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan zabitlərdəndir.

44 gün davam edən Vətən müharibəsində baş leytenant Əli Abbasov ağır və şərəfli döyüş yollarından keçib. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərinin işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə fəal iştirak edib. Bu döyüş yolunun ən çətin və yaddaqalan məqamlarından biri 5 noyabr 2020-ci il tarixində Daşaltı uğrunda gedən döyüşlər olub. Həmin gün Əli Abbasov top mərmisinin partlaması nəticəsində kəllə-beyin travması almasına baxmayaraq,  təxliyədən imtina edib və döyüşü tərk etməyərək xidmətini davam etdirib. Bu, zabit andına və döyüş yoldaşlarına sədaqətin nadir nümunələrindəndir. Azərbaycanın qürur yeri, tariximizin və mədəniyyətimizin simvolu olan Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə isə əsl Azərbaycan zabitinə xas mərdlik və iradə nümayiş etdirib. O döyüşlər təkcə silahların deyil, ruhların və iradələrin toqquşması idi və Əli Abbasov həmin sınaqdan üzüağ çıxanlardandır.

Göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilib. Əli Abbasov "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", III dərəcəli "Xidmətdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Bu təltiflər onun döyüş yolunun, vətənə sədaqətinin rəsmi təsdiqidir.

Müharibə bitdi, amma onun xatirələri bitmədi. Əli Abbasov yaşadıqlarını, gördüklərini, itirdiyi döyüş yoldaşlarının əziz xatirəsini yaşatmaq üçün qələmə sarıldı. Nəticədə "Mən orda idim" adlı kitab ərsəyə gəldi. Bu kitab sadəcə xatirələr toplusu deyil, səngərdən gələn səs, barıt qoxulu günlər, şəhidlərin susmayan harayıdır. Müəllif müharibəni bəzəmədən, olduğu kimi oxucuya təqdim edir.

Əli Abbasovun həyat yolu bir həqiqəti bir daha təsdiqləyir: Vətənə xidmət təkcə döyüş meydanında olmur. Bu xidmət sinif otağında, kitab səhifələrində, gənc nəslin yaddaşında da davam edir. O, bu gün şagirdlərinə yalnız ədəbiyyatı deyil, Vətəni sevməyi, dəyər bilməyi, mübariz olmağı öyrədir.

Belə insanlar cəmiyyətin dayağıdır. Onlar tarix yazmır, tarixi yaşayırlar.
Əli Abbasov kimi müəllim-döyüşçülər olduqca bu xalqın gələcəyinə inam daha da möhkəmlənir.

Samir Əsədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31