Misirdə azərbaycanlı tədqiqatçı-alim təltif olundu
14:45 SosialMisirin Qahirə şəhərində "Fətva və humanitar gerçəklik problemləri: müasir çətinliklərlə ayaqlaşan rasional ictihada doğru" şüarı ilə keçirilmiş beynəlxalq konfransda dünyanın 50 dən çox ölkədən müftilər, şəriət alimləri, ekspertlər və mütəxəssislər iştirak edib.
Olaylar.az xəbər verir ki, Misirdə Azərbaycan diasporunun sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışıb.
S.Nəsirov qeyd edib ki, Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Ölkəmizdə multikulturalizm və xalqların birgəyaşayış ənənələrinin qədim tarixi vardır.
Diaspora sədri əlavə edib ki, Azərbaycan rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdəki tolerantlıq mühiti daha da möhkəmlənib. Qeyd olunub ki, böyük problemə çevrilmiş radikalizmlə mübarizədə bütün ölkələr bir-birinə dəstək olmalıdır. Bu bəladan heç bir dövlət təkbaşına qoruna bilməz. Hər kəs dünyada tolerantlıq mühitini inkişaf etdirməlidir. Radikal fikirlərin cəmiyyətdə kök salmasına qarşı ən mühüm vasitələrdən biri təhsildir. Ailə institutunun, milli mənəvi dəyərlərin möhkəmlənməsi də bu mübarizədə öz töhfəsini verə bilər.
Tədbirin sonunda, dünya dini liderlərin iştirakı ilə, Misir müftisi, Dünya Fətva Evləri və Qurumları Baş Katibliyinin rəhbəri Nəzir Məhəmməd Əyyad dini fəaliyyətində və fətva sahəsində töhfələrinə görə seçilən müfti və alimi təltif edib. Təltif olunanlar arasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov da var.
