Bu qış Bakıda sərt keçəcək? - XƏBƏRDARLIQ

Bu il payız fəslinin normadan xeyli isti keçməsi cəmiyyətdə qışın necə olacağı ilə bağlı müzakirələri artırıb. Adətən mövsümi tarazlığın pozulması sonrakı aylarda hava şəraitinin kəskin dəyişməsi ilə müşayiət olunur. Son günlərdə ara-sıra müşahidə olunan leysan yağışları, temperaturun qəfil enməsi və küləkli hava qış fəslinin sərt keçə biləcəyi ehtimallarını gücləndirir.

Mütəxəssislər də iqlim dəyişikliklərinin təsirini istisna etməyərək qarşıdakı aylarda hava şəraitində gözlənilməz dəyişikliklərin ola biləcəyini bildirirlər.

GULSAD.jpg (238 KB)

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a mövzu ilə bağlı danışıb:

"Dünya təcrübəsində qısa və ortamüddətli proqnozlarlardan fərqli olaraq uzunmüddətli proqnozlar ümumi, qlobal tendensiyaları əks etdirir. Yəni konkret ərazi üçün dəqiq hava məlumatını vermir. Ölkənin relyefinə və Xəzər dənizinin yaxın olmasına görə Azərbaycanda adətən qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin və uzunmüddətli şaxtalar səciyyəvi deyil. Çoxillik məlumatlara əsaslansaq, deyə bilərik ki, qışın sərt dövrü adətən fevral ayına təsadüf edir.

Keçən ilə nəzər salsaq, ötən il qış fəslində 12 gün qarlı hava şəraiti müşahidə olundu. Onun 11 günü fevral ayında qeydə alındı. Fevral ayında havanın minimal temperaturu 4,6 dərəcə şaxta olub. Avropa Ortamüddətli Proqnozlar Mərkəzinin nəticələrinə əsasən, bizim regionda bu qış havanın temperaturu iqlim normasına yaxın olacaq. Yanvar ayında isə 0,15 - 1 dərəcəyə kimi yüksək olacağı ehtimal olunur. Bəzi dövrlərdə bu fərqin daha da yuxarı olma ehtimalı var.

Qış fəslində ayrı-ayrı dövrlərdə soyuq hava dalğalarının ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu aşağı düşəcək. Buna görə də bu il qış fəslində qısamüddətli kəskin, soyuq dövrlər də istisna olunmur.

Bu günə qədər dekabr ayında havanın orta temperaturu 14 gün normadan yüksək, 2 gün isə normadan aşağı olub. Yağıntının miqdarının Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə iqlim normasından bir qədər çox olması proqnozlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31