Qoşqar Təhməzli: Qida təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin edilməsi bütövlükdə aqrar sahənin ortaq məsuliyyətidir
11:38 SosialAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi bitki sağlamlığının qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması, habelə təhlükəsiz toxum və ting dövriyyəsinin təmin olunması istiqamətində sistemli və risk əsaslı nəzarət tədbirləri həyata keçirir. Fitosanitar nəzarətin gücləndirilməsi yalnız daxili bazarın qorunmasına deyil, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, ixracyönümlü fitosanitar tədbirlər agentliyin fəaliyyətində mühüm yer tutur: "Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir, fitosanitar sertifikatlar beynəlxalq standartlara uyğun olaraq verilir. Bu sahədə rəqəmsallaşmanın və şəffaflığın artırılması məqsədilə Azərbaycan Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) "E-Fito" (ePhyto) sisteminə qoşulub. Sözügedən sistem fitosanitar sertifikatların elektron formada tərtib olunmasına, mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır. Bununla yanaşı, fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə agentlik tərəfindən "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb. Qanun layihəsinin qəbul edilməsi fitosanitar sahədə şəffaflığın artırılmasına, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşdırılmasına şərait yaradacaq. Bu sənəd ölkənin ixrac potensialının genişləndirilməsi və Azərbaycanın beynəlxalq ticarətdə fitosanitar baxımdan etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin edilməsi yalnız dövlət orqanlarının deyil, bütövlükdə aqrar sahənin ortaq məsuliyyətidir".