Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? - Həkimdən SENSASİON açıqlama
19:16 SosialSon günlər Azərbaycanda uşaqlar arasında yüksək hərarətlə müşayiət olunan virus infeksiyası ilə bağlı şikayətlər artmaqdadır. Valideynlərin müşahidələrinə görə, xəstəlik əsasən 39-40 dərəcə qızdırma ilə başlayır, öskürək və burun axıntısı olmur, qızdırma isə bir neçə gün davam edərək uşağın ümumi vəziyyətini xeyli zəiflədir. Uşaqlarda halsızlıq, iştahasızlıq və aktivliyin azalması halları geniş yayılıb.
Bəs Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?
İnfeksionist-pediatr Aytən Ziyadova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib.

Onun sözlərinə görə, son ayda uşaqlar arasında yayılan respiratory syncytial virus (RSV) və influenza (qrip) virusları xüsusilə kiçik yaşlı uşaqlarda ciddi tənəffüs problemlərinə səbəb ola bilər:
"RSV xüsusilə 2 yaşa qədər olan uşaqlarda, bronxit və pnevmoniya kimi ciddi tənəffüs xəstəliklərinə səbəb ola biləcək bir virusdur. Bu virus uşaqların tənəffüs yollarını iltihablandıraraq bəzən həyat üçün təhlükə yarada bilər. RSV-nin əsas simptomları arasında yüksək hərarət, öskürək, nəfəs darlığı və burun axıntısı var. Uşaqlar xüsusən də doğulandan sonrakı ilk bir neçə ayda bu virusdan daha çox təsirlənirlər. Əgər uşağınızda bu əlamətləri müşahidə edirsinizsə, dərhal pediatra müraciət etməyiniz vacibdir.
Digər tərəfdən, influenza (qrip), hər il dünyada bir çox uşağa təsir edən və geniş yayılmış virusdur. Qrip əzələ ağrıları, baş ağrıları, yüksək atəş, boğaz ağrısı və öskürək ilə özünü göstərir. İnfluenza daha çox yayılma tendensiyasına sahibdir və uşaqlar, xüsusilə zəif immunitetə sahib olanlar üçün ciddi təhlükələr yarada bilər. Bu səbəblə qrip infeksiyaları və qripin qarşısını almaq üçün peyvənd çox önəmlidir".
Həkim bildirib ki, gigiyena qaydalarına riayət etmək mütləqdir:
"Uşaqların əllərini tez-tez yumaq tənəffüs yolu ilə yayılan bu virusların qarşısını almaqda böyük rol oynayır. Həmçinin, uşaqların qapalı və sıx mühitlərdən uzaq durması, sosial təmasları minimuma endirmələri tövsiyə olunur. Uşaqlarınızda hər hansı bir simptom görsəniz, dərhal həkimə müraciət edin, çünki vaxtında müdaxilə sağlamlıq problemlərinin qarşısını ala bilər.
RSV və influenza viruslarının müalicəsi əsasən simptomatikdir. Yüksək hərarət, öskürək və halsızlıq əlamətləri ilə qarşılaşdıqda uşağa bol maye verilməsi və istirahət təmin edilməsi vacibdir. Ancaq bu viruslar ciddi komplikasiyalar yarada biləcəyi üçün müalicə üçün həkim tərəfindən nəzarət edilməlidir.
Unutmayın ki, uşaqlarımızın sağlamlığı ən dəyərli xəzinəmizdir, bu cür xəstəliklərin qarşısını almaq üçün birgə diqqət və tədbirlər görməliyik. Düzgün gigiyenik vərdişlər, peyvəndlər və vaxtında tibbi yardım ilə uşaqlarımızın sağlamlığını qorumaq mümkündür".