Kreml azərbaycanlıların yerinə 1 milyon hindistanlı miqrant gətirir - VİDEO SÜBUT
19:11 SosialRusiya Federasiyasında son 1 ildə müşahidə olunan miqrasiya siyasətinin sərtləşməsi artıq sistemli və ideoloji xarakter almağa başlayıb. Kremlin həyata keçirdiyi yeni xətt çərçivəsində Azərbaycan, Qafqaz və Orta Asiya ölkələrindən olan müsəlman türk mənşəli əmək miqrantlarına qarşı təzyiqlər artırılır, onların ölkədən sıxışdırılaraq çıxarılması prosesi sürətlənir. Paralel olaraq isə Rusiya bu boşluğu Hindistandan gətirilən ucuz və hüquqsuz işçi qüvvəsi ilə doldurmağa çalışır.
Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatlara görə, Rusiya ilin sonunadək Hindistandan təxminən bir milyon əmək miqrantının cəlb olunmasını planlaşdırır və artıq bu prosesin ilk mərhələsi həyata keçirilib. İlk işçi qruplarının Rusiyaya daxil olduğunu sübut edən görüntülər yayılıb. Bu addım Moskvanın həm daxili sosial balansı dəyişmək, həm də miqrant faktorunu siyasi və hərbi məqsədlər üçün yenidən dizayn etmək niyyətindən xəbər verir.
Kremlin ideoloji arqumenti: "ailəli təhlükə" və "tək işçi modeli"
Rusiya ideoloqları və Kremlin nəzarətində olan media bu siyasəti əsaslandırmaq üçün xüsusi təbliğat xətti formalaşdırıb. Həmin təbliğata görə, Orta Asiya, Azərbaycan və Qafqazdan gələn miqrantlar ailələri ilə birlikdə Rusiyaya köçür, zamanla icmalar yaradır, çoxluq təşkil edir və nəticədə hüquqi, sosial və mədəni tələblər irəli sürürlər. Bu isə Kreml tərəfindən "potensial daxili risk" kimi təqdim olunur.
Hindistandan gətirilən işçilər isə tam əks model kimi göstərilir: tək gələn, ailəsiz, hüquq iddiası olmayan, müvəqqəti və ucuz əmək qüvvəsi. Rusiya tərəfi hesab edir ki, bu model daha az sosial məsuliyyət, daha az xərclə daha çox iş deməkdir.
Lakin mütəxəssislər bu yanaşmanın ciddi risklər daşıdığını vurğulayırlar. Hindistandan gələn miqrantların rus dilini bilməməsi, mədəni uyğunlaşmanın son dərəcə zəif olması və inteqrasiya imkanlarının məhdudluğu yaxın perspektivdə sosial problemləri daha da dərinləşdirə bilər. Ənənəvi olaraq rus dilini bilən və postsovet məkanına adaptasiya olunmuş türk-müsəlman miqrantların sıxışdırılması, əvəzində tam fərqli sivilizasiya mühitindən gələn insanların gətirilməsi Rusiyanın daxili sabitliyini sual altına sala bilər.
Neft qarşılığında əmək qüvvəsi: Moskva-Dehli sövdələşməsi
Musavat.com -a görə, prosesin arxa fonunda Rusiya ilə Hindistan arasında qurulan "neft qarşılığında əmək qüvvəsi" mexanizmi dayanır. Hindistan Qərb sanksiyaları fonunda Rusiyadan ucuz neft almaqda davam edir, Moskva isə bunun əvəzində Hindistana işçi ixracı üçün yaşıl işıq yandırır. Lakin ekspertlər hesab edir ki, bu model yalnız qısamüddətli dövrdə işlək ola bilər və geosiyasi reallıqlar dəyişdikcə davamlılığını itirəcək.
Daha təhlükəli ssenari: əmək bazarından cəbhəyə
Ən narahatedici iddialardan biri isə bəzi hərbi-siyasi ekspertlərin səsləndirdiyi ehtimallarla bağlıdır. Onların fikrincə, Rusiya Hindistandan sosial yük sayılan, hüquqsuz və perspektivsiz gəncləri miqrant adı altında ölkəyə cəlb edir. Lakin bu prosesin son mərhələsi əmək bazarı ilə məhdudlaşmaya bilər.
İddialara görə, qısa müddət sonra bu şəxslər müxtəlif yollarla müqavilə, vətəndaşlıq və ya məcburi seçim mexanizmləri vasitəsilə Ukrayna cəbhəsinə yönləndirilə bilər. Bu halda Rusiya həm miqrant problemini "həll etmiş", həm də canlı qüvvə ehtiyacını xarici, hüquqsuz kütlələr hesabına ödəmış olacaq. Beləliklə, Moskva üçün nə Hindistan, nə də miqrantların taleyi strateji əhəmiyyət daşımır.
Türk-müsəlman miqrantlara mesaj
Yeni siyasət eyni zamanda Azərbaycan, Qafqaz və Orta Asiyadan olan miqrantlara açıq mesaj kimi də oxunur: Rusiya artıq onları sosial tərəfdaş deyil, təhlükə elementi kimi görür. Bu isə onilliklərdir formalaşmış əmək miqrasiyası modelinin tamamilə dağıdılması deməkdir.
Baş verənlər Kremlin miqrasiya məsələsinə artıq iqtisadi yox, ideoloji, demoqrafik və hərbi prizmadan yanaşdığını göstərir. Prosesin hansı nəticələr doğuracağı isə yaxın aylarda daha aydın görünəcək.