Yalançı alimlər və itirilən etimad: Azərbaycan elminin imtahanı- ÖZƏL
19:03 Sosial"Elm müəssisələrində rasionallaşdırma prosesi davam edir. Elə elmi müəssisələr var idi ki, büdcəsi iki milyon manat təşkil edirdi və aparılan rasionallaşdırma nəticəsində bu vəsaitlərin elmin inkişafına yönəldilməsi hədəflənir". Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimində deyib. E.Əmrullayev qeyd edib ki, elmdə riyakarlıq bizi yaxşı yerə aparmayacaq. Son beş ildə məqaləsi olmayan alim utanmalıdır: "Məqaləsi olmayan, istinadı olmayan şəxsin özünü alim adlandırması düzgün deyil. Alim adını qorumaq üçün yalançı alimlərdən qorunmaq lazımdır".
Nazir vurğulayıb ki, elm adamları kiminsə necə alim olduğunu yaxşı bilir və bunun açıq şəkildə deyilməsi vacibdir: "Alimlərin bir-birinə münasibəti dürüstlük üzərində qurulmayıbsa, onlar öz nüfuzlarını da qorumur. Layiq olmayan insanlara layiq olmadığı adların verilməsinin sonu yaxşı olmur. Son illər bu istiqamətdə işlər görülür, lakin prosesi inzibati qaydada tənzimləmək çətindir".
İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Zahid Fərrux Məmmədov "Olaylar"a bildirib ki, Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən NASCO XXVIII Respublika elmi konfransındakı çıxışı Azərbaycan elmi sisteminə ünvanlanmış prinsipial mesajdır. Bu çıxış uzun illərdir elmi mühitdə gizli və ya qapalı mətbəxlərdə pıçıltı ilə danışılan, lakin açıq şəkildə səsləndirilməyən problemlərin dövlət səviyyəsində etirafı kimi dəyərləndirilə bilər:
"Nazirin "elmi müəssisələrdə rasionallaşdırma" ilə bağlı fikirləri məsələnin mahiyyətini dəqiq ifadə edir: problem maliyyənin azlığında deyil, resursların elmi nəticəyə çevrilməməsindədir. Büdcəsi milyonlarla manat olan, lakin real elmi məhsul ortaya qoymayan qurumların mövcudluğu elmin institusional səmərəliliyini sual altına alır. Emin Əmrullayev bu məqamı açıq şəkildə vurğulayaraq rasionallaşdırmanı ixtisar yox, elmin inkişafına yönəlmiş məzmun dəyişikliyi kimi təqdim edir.
"Son beş ildə məqaləsi olmayan alim utanmalıdır" Nazir burada, elmi fəaliyyətsizliyin normaya çevrilməsinə etiraz edir. Bu yanaşma elmi adların formal status deyil, daimi məsuliyyət daşıdığını xatırladır. Elm sahəsində titul bir dəfə əldə edilən imtiyaz yox, davamlı elmi fəaliyyətlə doğruldulan etimad nişanəsidir.
Emin Əmrullayevin "yalançı alimlərdən qorunmaq lazımdır" çağırışı xüsusilə diqqətəlayiqdir. Elmi adı olub elmi fəaliyyəti olmayan, formal dissertasiya və qarşılıqlı himayə mexanizmləri ilə elmi dərəcə vəya elmi ad statusu qazanan şəxslər elmin nüfuzuna ən böyük zərbəni vurur. Nazir bu problemi açıq şəkildə dilə gətirməklə bu mövzunu ictimai müzakirəyə çıxarır.
Azərbaycan elmi mühitində ciddi narahatlıq doğuran daha bir tendensiya isə bəzi şəxslərin elmi fəaliyyəti olmadan, formal elmi dərəcə və elmi adlar əldə etməsidir. Nazir Emin Əmrullayevin vurğuladığı kimi, bu cür "yalançı alimlər" elmin ictimai etimadını sarsıdır. Elmi diskursda "yalançı alim" termini elmi fəaliyyətin formal atributlarını daşıdığı halda, mahiyyət etibarilə elmi norma və prinsiplərə uyğun olmayan fəaliyyəti ifadə edir.
Elmi kitabxanaya getmədən, müəllimlik təcrübəsi olmadan birbaşa professor, elmi tədqiqatları incələmədən, heç bir ölkənin elmi kitabxanasında getmədən (e- kitabxana dönəmindən öncə), tədqiqat metodologiyasını öyrənməyən bəzi vəzifəli şəxslər imkanlarından istifadə edərək birbaşa elmi dərəcə və elmi ad ala biliblər.
Daha acınacaqlısı odur ki, bu cür "yalançı alimlər" elmi tədbirlərdə utanmadan keçmiş vəzifələrindən, şəxsi statuslarından danışır, konfransın mövzusuna uyğun olmayan çıxışlar edir və əsas məqsəd - elmi diskursu zənginləşdirmək - arxa plana keçir.
Nazir Emin Əmrullayevin vurğuladığı kimi, "yalançı alimlərdən qorunmaq" artıq Azərbaycan elminin etimadını bərpa etmək və akademik mühiti sağlamlaşdırmaq üçün vacib çağırışdır.
Bu çağırış göstərir ki, Azərbaycan elmi etimad və etik prinsiplərlə ölçülən bir institut olmalıdır.
Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışında elmin inkişafının strateji əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, elmin inkişafı müasir dövrdə ölkənin sosial iqtisadi və texnoloji tərəqqisinin əsas şərtlərindən biridir və elmi nəticələrin praktikaya tətbiqi ön planda olmalıdır; yalnız kağız üzərində deyil, real elmi məhsul yaradan elm cəmiyyətimizin davamlı inkişafını təmin edə bilər. Bu, elmin yalnız formal göstəricilər deyil, real elmi fəaliyyət və etimadla ölçülməli olduğunu bir daha göstərir.
Nazir Emin Əmrullayevin çıxışı bu problemi açıq şəkildə gündəmə gətirir: "yalançı alimlərdən qorunmaq lazımdır" çağırışı Azərbaycan elminin etimadını bərpa etmək və akademik məsuliyyət mədəniyyətini formalaşdırmaq üçün vacib mesajdır".