"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Media savadlılığı” mövzusunda təlimlər təşkil olunub
18:11 Sosial"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında "Media savadlılığı" mövzusunda təlimlər təşkil olunub.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova qeyd edib ki, müasir dövrdə informasiyanın etibarlılığı məsələsi xüsusi aktuallıq kəsb edir və media savadlılığının təşviqi etibarlı informasiya məkanının formalaşdırılması baxımından vacib istiqamətlərdəndir.
"Regional İnkişaf" İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı bildirib ki, media savadlılığı gənclərin informasiya axınında düzgün qərarvermə bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır və bu kimi təşəbbüslər onların rəqəmsal mühitdə daha məsuliyyətli mövqe tutmasına şərait yaradır.
Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli isə çıxışında gənclərin media savadlılığı sahəsində biliklərinin artırılmasının onların informasiya mühitində daha fəal və məqsədyönlü iştirakına, eləcə də dezinformasiyaya qarşı dayanıqlılığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
"Media Savadlılığı" Həftəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün də təlim təşkil olunub. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən mövzuya dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktik nümunələr əsasında müzakirələr aparılıb.
Təlim zamanı Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin aparıcı mütəxəssisi Məmmədbağır Dünyamalıyev media savadlılığı, informasiya mənbələrinin etibarlılığı və rəqəmsal platformalarda yayılan məzmunun təhlili ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, keçirilən təlimlər gənclərin informasiya mühitində daha şüurlu və tənqidi yanaşma bacarıqlarının formalaşdırılmasına, eləcə də etibarlı informasiya məkanının təşviqinə töhfə vermək məqsədi daşıyır.
























