Azərbaycanda doktorantura təhsili dəyişir - Nazirdən AÇIQLAMA
11:50 SosialGələn ilin sentyabrından strukturlaşmış doktorantura proqramına başlanılacaq.
Olaylar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı"nda çıxışı zamanı bildirib.
"Strukturlaşmış, yəni əvvəli və nəticəsi bilinən yeni nəsil doktorantura proqramlarına başlaya biləcəyik. Xüsusilə məktəb və ali təhsil mərhələsində uzun illər ərzində formalaşmış problemlər nəticəsində elmi düşüncə, analitik yanaşma və metodoloji hazırlıq kifayət qədər inkişaf etməyib. Bunun nəticəsində yeni nəsil hələ doktorantura mərhələsindən etibarən elmi-tədqiqat fəaliyyətinə tam hazır vəziyyətdə başlaya bilmir. Bu isə çox ciddi problemdir. Çünki müşahidələr göstərir ki, doktorantura səviyyəsində əsas çatışmazlıq real elmi araşdırma aparmaq bacarığının, tənqidi düşüncənin və metodoloji əsasların yetərincə formalaşmamasıdır. İnsanlar elmi fəaliyyəti necə planlamağı, necə ölçmə aparmağı, nəticəni necə əsaslandırmağı sistemli şəkildə öyrənmirlər", - nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, metodologiya istənilən fəaliyyətin, istər elmi, istər sosial, istərsə də praktik sahənin əsas dayağıdır: "Metodologiya olmadan nə davamlı elmi iş qurmaq mümkündür, nə də uzunmüddətli nəticə əldə etmək. Bu boşluq gələcəkdə daha böyük fəsadlara yol açır: sosial layihələr yaranmır, elmi ənənələr formalaşmır, tarixi ardıcıllıq və institusional yaddaş qurulmur".
Nazir hesab edir ki, bu problem ani və asan həll olunan məsələ deyil: "Uzun müddət ərzində insanlar sistemli və metodoloji yanaşma ilə fəaliyyət göstərmədikdə bu, ümumi düşüncə tərzinə çevrilir və nəticədə elmi və intellektual inkişaf ləngiyir".