Ombudsman nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb
18:33 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən xarici ölkədə çətin həyat şəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçinin onların hüquq və azadlıqlarının təmin olunması məsələləri diqqətdə saxlanılır.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman Aparatının əməkdaşları 2025-ci il 5 dekabr tarixində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilmiş Azərbaycan Respublikası vətəndaşları ilə görüş keçirib.
Repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilmiş 1 qadın və 3 uşaqla keçirilən görüş zamanı onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Müəssisə rəhbəri və əməkdaşları tərəfindən təsisatın nümayəndələrinə repatriantlara göstərilən sosial xidmətlər barədə məlumat verilib.
Görüş çərçivəsində uşaqların şəxsiyyətini təsdiq edən sənədlər, təhsil hüququnun təmini, qadının təhsilinin bərpası ilə bağlı çətinliklərin mövcud olduğu müəyyən edilib, repatriantlara hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində tövsiyələr verilib. Bununla yanaşı, repatriantlara Müvəkkilin mandatı, Ombudsmana müraciət imkanları barədə geniş məlumat verilib.