Türkiyə Yazarlar Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında memerandum imzalanıb
15:54 SosialTürk dünyası gənc yazarları üçün önəmli işbirliyi...
Türkiyə Yazarlar Birliyi (TYB) ilə Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) gənclər arasında mədəni və ədəbi fəaliyyətlərin genişləndirilməsi məqsədilə işbirliyi memorandumu imzalanıb.
Memorandumu TYB-nin Başqanı Prof.Dr. Musa Kazım Arıcan və DGTYB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıb.
Bu əhatəli sənəd tərəflər arasında mədəni, elmi və ədəbi sahələrdə geniş işbirliyini nəzərdə tutur. Sənədin əsas maddələri bunları əhatə edir:
- Mədəni, elmi və ədəbi araşdırmaların aparılması;
- Ortaq layihələrin həyata keçirilməsi və birgə nəşrlərin hazırlanması;
- Uyğun sahələr üzrə təlimlərin, müzakirələrin, seminarların və digər tədbirlərin təşkili;
- Mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə mübadiləsi;
- Metodik fəaliyyətlərin paylaşılması və qarşılıqlı dəstəyin göstərilməsi;
- Tərəflər arasında ictimaiyyətlə əlaqələr və informasiya mübadiləsinin qarşılıqlı şəkildə dəstəklənməsi.
Memorandum barədə fikirlərini bölüşən TYB Başqanı Arıcan, Türk dünyası gənclərinin bir-birini daha yaxşı anlamasında və işbirliyinin inkişaf etdirməsində mədəniyyət, sənət və ədəbiyyatın önəmli rol oynadığını vurğulayıb.
Musa Kazım Arıcan, özəlliklə mədəniyyət, elm və ədəbiyyat sahələrində bilik və təcrübə paylaşımının önəminə diqqət çəkərək, bu prosesin səmərəli təlimlərlə dəstəklənməsinin vacibliyini vurğulayıb.
DGTYB başqan İntiqam Yaşar isə öz dəyərləndirməsində Türkiyədə əlli ildən artıqdır ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən köklü bir qurumla işbirliyi qurmağın onlar üçün həm dəyərli, həm də məsuliyyətli bir addım olduğunu bildirib.

