15–22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə “Media Savadlılığı” Həftəsi keçiriləcək
16:16 SosialAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə 15-22 dekabr tarixlərində "Media Savadlılığı" Həftəsi təşkil olunacaq.
"Media Savadlılığı" Həftəsinin keçirilməsində əsas məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.
2022-ci ildən etibarən hər ilin dekabr ayında təşkil edilən, müxtəlif hədəf qruplarına yönəlmiş təlim və inkişaf proqramlarının, maarifləndirmə və təbliğat tədbirlərinin, müxtəlif kampaniyaların keçirildiyi Həftə çərçivəsində bu il də geniş auditoriyanın əhatə olunması, məlumatların daha çox şəxsə çatdırılması məqsədilə silsilə tədbirlərin görülməsi planlaşdırılır.
Qeyd edək ki, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının, sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlərin tərəfdaşlığı ilə təşkil olunacaq həftə çərçivəsində aktual mövzular ətrafında müzakirələr aparılacaq, media savadlılığı sahəsində tətbiq olunan yeni metodlar, qlobal trendlər və səmərəli əməkdaşlıq modelləri barədə təcrübələr bölüşüləcək.