“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Biləsuvar və Masallı rayonlarında sonuncu məlumatlandırıcı infosessiyalar təşkil olunub

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsi çərçivəsində Biləsuvar və Masallı rayonlarında sonuncu məlumatlandırıcı infosessiyalar təşkil olunub.

Biləsuvarda keçirilən tədbirdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin koordinatoru İsmayıl Ağacanlı və "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşı İlkin Əliyarlı rəqəmsal mühitdə artan informasiya axını fonunda gənclərin düzgün məlumatı seçmək, mənbələri qiymətləndirmək və onlayn platformalarda məsuliyyətli davranmaq bacarıqlarının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Masallıda baş tutan infosessiyada Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev və "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşı İlkin Əliyarlı media savadlılığının artırılmasının gənclərin rəqəmsal təhlükəsizliyinin təmin edilməsinə və informasiya mühitinin daha obyektiv formalaşmasına mühüm töhfə verdiyini qeyd ediblər.

Hər iki infosessiya "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov tərəfindən media savadlılığı mövzusunda keçirilən maarifləndirici təlimlərlə davam etdirilib. Təlimlər zamanı iştirakçılara məlumatların doğruluğunun yoxlanılması yolları, vizual və mətn manipulyasiyalarının tanınması, süni intellektlə yaradılmış saxta kontentin müəyyənləşdirilməsi və sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib. Gənclər mövzu ilə bağlı suallar səsləndirərək müzakirələrdə iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31