Gənc nəslin Vətənə, torpağa, bayrağa bağlılıq hisslərinin təzahürü

Lənkərandakı  Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin məzunları olan  Mais Mirzəcanov Birinci Qarabağ müharibəsində, Vüsal Kazımov isə 44 günlük haqq savaşımızda canını Vətən, torpaq yolunda fəda ediblər. İndi bu təhsil ocağı  Mais Mirzəcanovun  adını daşıyır. Hər iki şəhidimiz kənd qəbiristanında sevdalandığı torpağın sinəsinə baş qoyublar.

Bu günlər  məktəbin 42 nəfərlik pedaqoji heyəti və 160 nəfər şagirdi şəhidlərimizin portretlərini və müqəddəs üçrəngli bayrağımızı əllərində tutaraq kənd qəbiristanlığına yürüş edib və  müqəddəs məzarlar üzərinə qərənfillər düzüblər.  Bu yürüş  Vətən yolunda şəhidlik zirvəsinə ucalıb ölümsüzlüyə qovuşan qəhrəmanlara  olan dərin ehtiramın, gənc nəslin Vətənə, bayrağa və torpağa bağlılıq hisslərinin təzahürü olub.

Həmçinin çıxışlar zamanı o da deyilib  ki, Mais Mirzəcanov və Vüsal Kazımov kimi qəhrəmanlar Azərbaycan gəncliyinin qürur mənbəyidir. Onların igidlikləri gələcək nəsillərə örnək olacaq, məktəbdə keçirilən hər bir tədbirdə onların adı ehtiramla anılacaq.

Lənkəran rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, bir qrup məktəb rəhbərləri və şəhid atası  da ziyarətçilərin arasında olub və bildiriblər ki, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu qarşısında dərin ehtiramla baş əyir, onların xatirəsini daim uca tutan məktəbin bütün müəllim və şagirdlərə təşəkkür edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31