Gözəllik anlayışının dəyişən sərhədləri və estetik əməliyyatların görünməyən riski

Gözəllik tarix boyu insanın özünə, cəmiyyətə və həyata baxışını dəyişdirən anlayışlardan biri olub. Bir dövrdə incə bel ideal sayılıb, başqa bir dövrdə sağlam bədən. Gözəlliyin sərhədləri daim dəyişib və hər dəyişiklik insanın özünü cəmiyyət içində necə hiss etməsinə təsir edib. Lakin bütün dövrlərin ortaq bir gerçəyi var: hər bir insan gözəlliyi əvvəlcə özündə, öz hissində axtarır. Düşünürəm ki, bugünkü dünyada isə gözəllik anlayışı çox daha mürəkkəbdir. Çünki indi gözəllik yalnız güzgüdə görünənlə ölçülmür- sosial şəbəkələrin yaratdığı vizual mədəniyyət gözəlliyə yeni standartlar, bəzən isə təzyiqlər gətirir. Əvvəllər insan öz görünüşündən narazı olsa belə, bu hiss yalnız özü ilə məhdudlaşırdı. İndi isə hər saniyə başqalarının üzünə, bədəninə, görünüşünə baxmaqla özünü müqayisə edir. Bu müqayisə hətta sağlam fikri olan insanın belə içində yavaş-yavaş narahatlıq yaradır. Bütün bu dəyişikliklərin fonunda estetik əməliyyatlar cəmiyyətin ən müzakirə olunan mövzularından birinə çevrilib. Burada məqsəd həmişə gözəllik deyil, bəzən nəfəsalma problemi, bəzən doğuşdan gələn anatomik çətinlikdir. Həkimə müraciət edənlərin bir qismi özünə güvəni artırmaq üçün əməliyyata gedirsə, digərləri doğrudan da sağlamlıq problemi ilə üzləşir. Lakin bütün bu fərqli motivlərə baxmayaraq, estetik əməliyyatların populyarlaşması son illərdə o qədər sürətlənib ki, artıq demək olar ki, bu, təkcə tibbin deyil, həm də sosial həyatın bir parçasına çevrilib. Xüsusilə burun əməliyyatı- rinoplastika həm görünüşə, həm də nəfəs alma funksiyasına təsir etdiyi üçün gənclər arasında çox yayılıb. Sosial media bu prosesin ən güclü aktorlarından biridir. Filterli şəkillər, "müasir burun formaları", "əldə edilə bilən nəticə" kimi təqdim edilən paylaşımlar insanı real gözləntilərdən uzaqlaşdırır. Halbuki əməliyyat bədənə müdaxilədir və hər müdaxilə risk daşıyır. Düşünürəm ki, ən təcrübəli həkim, ən müasir avadanlıq belə yüz faiz zəmanət vermir. Lakin sosial mediada gözə yalnız uğurlu nəticələr görünür, risklər, ağırlaşmalar, tibbi fəsadlar isə demək olar ki, çox yerdə danışılmır.
Son aylarda bütün bu məsələni daha da aktuallaşdıran ağır bir hadisə baş verib. Bir neçə ay əvvəl gənc bir qız burun əməliyyatı zamanı ağırlaşma nəticəsində komaya düşdü və hələ də ayılmayıb. Cəmiyyətdə isə dərhal tərəflər bölündü- bir tərəf həkimi günahlandırdı, digər tərəf "öz istəyi ilə əməliyyata gedib" dedi, bəziləri isə bütün estetik əməliyyatlara qarşı çıxmağa başladı. Belə hadisələr insanı düşünməyə vadar edir:  günah kimdədir? Tibbi səhv? Nəticəni ağırlaşdıran gizli xəstəlik? Yoxsa prosesdə nəzərə alınmayan risk faktoru? Bu sualların cavabını yalnız tibbi ekspertiza verə bilər. Cəmiyyətin isə bu məsələdən çıxarmalı olduğu dərs başqadır: hər estetik əməliyyat bir qərar deyil, həm də məsuliyyətdir. Son illər estetik cərrahların sayı artdıqca seçim də çətinləşib. Peşəkar həkimlər daim deyirlər ki, rinoplastika yalnız gözəllik əməliyyatı deyil, bu, nəfəs yollarına müdaxilədir və ciddi hazırlıq tələb edir. Yəni "hamı edir, mən də edim" yanaşması bu sahədə ən təhlükəli yanaşmadır. Digər tərəfdən, estetik əməliyyatın psixoloji aspekti də çox böyük rol oynayır. Bir çox xəstə əməliyyatdan sonra həyatının dərhal dəyişəcəyini, özünə güvənin bir anda artacağını gözləyir. Amma gözləntilər real olmayanda, nəticə istənilən kimi olmadıqda, xəstə yenidən əməliyyat istəyir. Bu isə həm psixoloji yükü artırır, həm də tibbi fəsad riskini. Bütün deyilənlər fonunda bir sual yenidən gündəmə gəlir:  Bu cür fəsadların qarşısını almaq üçün hansı tibbi prosedurlar və nəzarət tədbirləri mövcuddur? Estetik əməliyyat planlayan şəxslər nələrə diqqət etməlidir ki, riskləri minimuma endirsin? 

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı Meksidolun həmmüəllifi, tibb üzrə fəlsəfə doktoru, həkim Aydın Əliyev Olaylar.az-a açıqlama verib:  " Estetik əməliyyatlar, qeysəriyyə kəsikləri-çox təəssüf ki, bunlar artıq dəb halını alıb. Mən qeysəriyyə kəsiklərini ona görə qeyd edirəm ki, insan dünyaya gələndə ananın bətnindən yollar keçir. Elə bil ki, həyatın ilk çətinliklərini biz yolu keçdikcə öyrənirik. Amma qeysəriyyə zamanı bunların heç biri baş vermir. Üstəlik, ananın bədəni də zədələnir. Plastik əməliyyatlar da indi dəb halına çevrilib. Bir var insanın bədəninə mane olan, nəfəsinə, görünüşünə, yerişinə təsir edən problemləri aradan qaldırmaq üçün edilən estetik əməliyyatlar- bunların hamısı başa düşüləndir. Amma sırf dəb  xatirinə edilənlərə gəlincə, ictimai görünüşə görə bu tendensiyadan uzaq durmaq lazımdır. İkinci məsələ-həkim səhvi. Açıq etiraf edək ki, kim deyirsə "həkimlər səhv etmir"-səhv olur. Həkim diaqnoza cavabdehdir. Diaqnoza uyğun hansı dərman lazımdırsa, onların təyin edilməsinə də o cavabdehdir. Amma o dərmanların istifadə olunduğu əşyaların keyfiyyəti həkimlik deyil axı.
Digər tərəfdən, xəstəyə əməliyyat aparan həkim həmin xəstənin bədəninin ümumi dözümlülüyünü, orqanların vəziyyətini yoxlamalıdır. Elə xəstəliklər var ki, bu halda əməliyyat aparmaq olmaz. Məsələn, şəkərli diabet, ürək patologiyası, infeksion xəstəliklər... Təbii ki, həkimlər bunları nəzərə alırlar, amma insanlar da öz bədənlərinin gücünü nəzərə almalıdırlar. Bunların hamısı diqqətdən qaçmamalıdır. Və hər hansı bir hadisə baş verəndə, insanın həyatı ilə bağlı bir hal olanda, mütləq lazımi ekspertizalar aparılmalıdır. Lazım gəlsə, həkim çox ciddi şəkildə cavab verməlidir. Bunlar hamısı qanunlar çərçivəsində olmalıdır. Tibbi ekspertizalar, müvafiq qanunların icrası kim tərəfindən nə pozulub, nə pozulmayıb -bunlar hamısı nəzərə alındıqdan sonra konkret cavab vermək olar ki, həkimin burada səhvi nədir və yaxud da həkimin asılı olmayan səbəblərdən yaranan nəticələr hansılardır".
Gözəllik hər zaman insan həyatının ayrılmaz bir parçası olub və cəmiyyətdə müzakirə mövzusudur. Amma unutmaq olmaz ki, estetik əməliyyat yalnız görünüşü dəyişdirmir, o, bədənə, psixologiyaya və hətta insanın özünə inamına ciddi təsir göstərir. Hər bir müdaxilə məsuliyyət tələb edir, hər bir qərar risk daşıyır.  Həkimlərin tövsiyələrinə əməl etmək, bədənimizin imkanlarını düzgün qiymətləndirmək və riskləri dərk etmək hər birimizin şəxsi məsuliyyətidir. Moda üçün atılan addımlar bəzən geri dönməz nəticələr doğura bilər, amma düşünülmüş, ölçülüb-biçilmiş qərarlar insanı həm gözəl, həm də təhlükəsiz edir.
Yekun olaraq, gözəlliyin ən etibarlı forması yalnız zahiri dəyişikliklərdə deyil, sağlamlıq və özünə güvəndə gizlənir. Gözəl olmaq arzusu təbii və insani bir istəkdir, amma bu arzunu həyata keçirərkən ağıllı, məlumatlı və məsuliyyətli olmaq vacibdir. Çünki əsl gözəllik, heç vaxt sadəcə cəmiyyətdəki standartlarla ölçülmür, düşünürəm ki, o, insanın özündə, öz hissində və sağlam seçimlərində başlayır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31