Peşəkar jurnalist daha obyektiv, daha informativ və düzgün informasiyanı yaymalıdır
12 Dekabr 21:49 SosialJurnalistikanın yaddaşı var - qəzet arxivlərində saralmış vərəqlərin, köhnə fotoaparatların obyektivində donub qalmış anların, müharibə illərinin soyuq səngərlərindən gələn səsin yaddaşı. Bu yaddaşı yaradanların sırasında bir ad xüsusi hörmətlə çəkilir: Əməkdar jurnalist, publisist və yazıçı Zemfira Məhərrəmli.
Ötən əsrin 70-ci illərinin tələbə auditoriyalarından başlayaraq cəbhə xəttinin ən təhlükəli nöqtələrinə qədər uzanan bir peşə yolu... Qarabağ savaşının od-alovu içində yazılmış reportajlar, sahibkar qadınların, döyüşçü qızların, həyatla savaşan insanların talelərindən doğulan kitablar, publisistikanın ən çətin janrlarında illərin sınağından çıxmış yazılar...
Zemfira xanımın qələmi həm faktın sərtliyini, həm sözün istiliyini, həm də həyatın acı həqiqətlərini eyni həssaslıqla daşımağı bacarır. Onunla söhbət həm peşə dərsi, həm də həyat fəlsəfəsidir. Bəlkə də elə buna görədir ki, müsahibəyə başladığımız anda səsləndirdiyi bir cümlə dərhal yadda qalır:
"Jurnalist yazmaqdan əvvəl dinləməyi öyrənməlidir. Çünki söz həmişə faktın içindən doğur."
Bu müsahibədə Zemfira Məhərrəmli jurnalistikanın qızıl qaydalarından tutmuş, bədii sözün sehrinə, müharibə publisistikasının görünməyən tərəflərinə, gənc jurnalistlərin qarşısında duran çağırışlara qədər geniş spektrdə dəyərli düşüncələrini bölüşür.
-Zemfira xanım, illərdir mətbuatın içindəsiniz. Sizcə jurnalistin ilk öyrənməsi lazım olan şey yazmaqdır, yoxsa dinləmək?
-Bəli, həyatımın əlli ilini jurnalistikaya həsr etmişəm. Təsəvvür edin, orta məktəb partasından qalxan gənc bir qız jurnalist olmaq arzusu ilə Bakı Dövlət Universitetinə üz tutur, ağır imtahanlardan keçir və jurnalistika fakültəsinə qəbul olunur. Mən həyatımın sənətini artıq tələbəlik illərindən etibarən jurnalistikaya həsr etdim. Düşünürdüm ki, jurnalistika arzularımın həyata keçməsində, millətimə, xalqıma xidmət etmək borcumu yerinə yetirməkdə mənim üçün bir tərcüman olacaq. Jurnalistika mənim üçün mühüm bir vasitə, əhəmiyyətli bir amil idi. 1970-ci illərin axırlarından başladığım bu peşə həyatımda, jurnalistika taleyimdə sanki qızıl xətlə keçdi və bu günə qədər də keçməkdədir.
-Çox maraqlı sualdır: deyirsiniz ki, jurnalist üçün dinləmək daha vacibdir, yoxsa yazmaq? Jurnalist hər ikisini mütləq öyrənməlidir. Qarşındakı müsahibi yaxşı dinləməsən, onunla necə sağlam bir müsahibə qura bilərsən? Dinləməyi bacarmaq jurnalist üçün çox mühüm keyfiyyətdir. Anlamaq və yazmaq məfhumlarını jurnalistikaya aid ediriksə, hər ikisi eyni dərəcədə vacibdir. Məsələn, reportyorsan və müsahibə yazırsansa, yenə də dinləməyi bacarmalısan. Müsahibinə verdiyin suallarla onu düzgün yönləndirməli, söhbəti mövzuya istiqamətləndirməlisən. Təbii ki, jurnalist yazmağı da gözəl bacarmalıdır. Öyrəndiyi faktların içindən ən mühümlərini seçib dəyərli bir yazı ortaya qoymalıdır. Jurnalist əldə etdiyi bilgiləri artırmaqdan, araşdırmaqdan çəkinməməlidir.
Jurnalistika fakültəsində bizə öyrədilən ən mühüm prinsiplər bunlardır: gerçəyi yazmalısan, dürüst olmalısan, fakta sadiq qalmalısan, peşə etikasının incəliklərinə riayət etməlisən. Bütün bunlar jurnalistin öhdəsinə düşən və onun missiyasının tərkib hissəsi olan məsələlərdir.
-Publisistik yazılarınızda insan talelərinə tez-tez toxunursunuz. Bir taleyin sizə yazı yazdırmaq gücünə sahib olması üçün nə olmalıdır?
-İnsan taleyi haqqında yazmaq iki formada ola bilər. Birincisi, sənədli yazılarda - faktlara əsaslanaraq. İkincisi isə artıq bədii qələm adamının təxəyyülündən keçən sənədli hekayələrdə. Əgər sən bir insan taleyi haqqında yazırsansa, o tale, o həyat yolu, o mübarizə, qarşıya qoyulan məqsədlər uğrunda göstərilən səylər o qədər maraqlı, o qədər cazibədar olmalıdır ki, qələm əhli həmin taleyi yazmağa qərar verə bilsin.
Jurnalist olaraq hər hansı bir insan haqqında yazırıqsa, onun həyat yolunu izləməliyik, taleyinin çətinliklərini, uğurlarını, mübarizəsini öyrənməliyik. Mən həmişə o insanların portret-oçerklərini, sənədli hekayələrini yazmışam ki, onların tale yolu həm düşündürücü olsun, həm də oxucular üçün maraq doğursun. Biz hər kəs haqqında arzu etdiyimiz yazını yaza bilmirik.
Məsələn, mən "Döyüşə qızlar gedir" kitabımı yazanda atəşkəs yenicə əldə olunmuşdu. Hələ müharibənin ağrıları, acıları unudulmamışdı. Uzun illər də unudulmadı. 44 günlük Zəfər savaşımıza qədər biz o iztirabların içində yaşamışdıq. Ölkəmizdə elə insan, elə ailə tapılmazdı ki, Qarabağ müharibəsi ona toxunmamış olsun. Biz müharibə illərində o taleləri yazırdıqsa, döyüşən insanların həyatına güzgü tuturduqsa, deməli, onların vətən naminə gördüyü böyük işləri də göstərməyə borclu idik. Bu talelər bizə o unudulmaz yazıları yazdırdı. Qarabağ müharibəsi haqqında bir gün etibarlı mənbə olacaq kitabların yaranmasına səbəb oldu.
-Jurnalist kimi ən böyük məsuliyyətiniz nədir: həqiqəti demək, yoxsa həqiqəti düzgün dildə çatdırmaq?
-Əslində, bu iki anlayış bir-birinə çox yaxındır. Həqiqəti düzgün dildə çatdırmaq elə həqiqəti deməkdir. Jurnalist həqiqəti söyləməlidir. Söhbət ciddi, mükəmməl jurnalistikadan gedir. Jurnalistikaya bir ömür boyu püxtələşmə yolu kimi baxanların yolundan gediriksə, yalan yazıya yol vermək olmaz.
Bizim ustadlarımız - Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, professor Qulu Xəlilli, şair və publisist Famil Mehdi, publisistikamızın tanınmış qələm sahiblərindən biri Nuriyyəddin Babayev - hamısı bizə bunu öyrədirdi. Onlar bizə düzgünü yazmağı, həqiqəti deməyi, peşə etikasından kənara çıxmamağı tövsiyə edirdilər. Bütün bu missiyaları yerinə yetirən klassik jurnalistlər bu gün də gənclərə örnəkdirlər.
-Siz həm də bədii yazılar yazırsınız. Hekayə yazarkən söz sizə tabedir, jurnalistikada isə siz sözə tabe olursunuz. Hansı proses daha çətindir?
-Mən ilk növbədə özümü jurnalist hesab edirəm. Jurnalistikanın "şinelindən" çıxmışam. 1990-cı illərin sonlarından bədii nəsrə keçdim. Savaş publisistikasından sonra təxəyyülün və bədii sözün gücünə əsaslanan həyat hekayələri yazmağa başladım. İndi çoxsaylı bədii nəsr nümunələrim oxucuların ixtiyarındadır.
Bədii yazıda həyatın rəsmini sözlə çəkirsən. İnsan talelərini çətin situasiyalarda göstərirsən. Bu, yazıçıdan ustalıq tələb edir.
Dünya şöhrətli yazıçı Vilyam Folkner deyirdi: "Yazıçıya kağız və qələm lazımdır. Əsl yazıçını kağız və qələmdən heç nə uzaqlaşdıra bilməz." Sadə görünən, amma çox dərin mənası olan fikirdir.
Jurnalistikada isə sözə yox, daha çox fakta tabesən. Jurnalistika faktın gücünə əsaslanan sahədir. Publisistika fakt və sənədliliyə tabe olan yaradıcılıq sahəsidir.
Qədim yunan natiqlərindən Dionisisin məşhur fikri var: "Söylədiyim sözlə sizi inandırsam, siz mənim ardımca gələcəksiniz." Publisistikanın mahiyyəti də budur: insanı inandırmaq, səfərbər etmək, mübarizəyə səsləmək. Xüsusilə müharibə illərində publisistlər Qarabağ həqiqətlərini çatdırmaqla, gəncləri mübarizəyə səsləməklə çox böyük işlər gördülər.
Bu baxımdan neçə-neçə publisistik kitabın müəllifi olmaq mənim üçün böyük qürurdur. "Döyüşə qızlar gedir", Türkiyədə çıxan "Qarabağda savaş var", "Qırx qız dastanı" müharibə illərində qiymətləndirilmiş əsərlərimdir. Bu kitabların müxtəlif dillərdə çap olunması üçün də çalışmışam. 2005-ci ildə Sankt-Peterburqda çap etdirdiyim kitab rusdilli respublikalarda diaspora nümayəndələrimizin köməyi ilə yayıldı. Daha sonra Qarabağ müharibəsi haqqında ingilis dilində "Qarabağ müharibəsi qadınların şahidliyi ilə" kitabımı çap etdirdim. Məqsədim Qarabağ həqiqətlərini dünyaya çatdırmaq idi.
Hər ikisi yaradıcılıq prosesidir. Hər ikisinin çətin tərəfləri də var, ruh oxşayan cəhətləri də. Əsas odur ki, istənilən janrda yazdığını ürəyinin odu ilə, janrın tələblərinə uyğun biçimdə yazasan.
-Sosial şəbəkələr informasiya müharibəsinin əsas meydanına çevrilib. Peşəkar jurnalistin burada ən böyük silahı nə olmalıdır: dəqiqlik, operativlik, yoxsa emosional toxunuş?
-Çox doğru qeyd etdiniz ki, bu gün sosial şəbəkələr informasiya məkanının əsas hissəsinə çevrilib. Bu məkan o qədər mürəkkəb və qarışıqdır ki, oradan baş çıxarmaq bəzən çətin olur. Sosial şəbəkələr elə bir platformadır ki, hər kəs ora müraciət edir, hər kəs öz bildiyini, hətta bəzən tam doğru olmayan, dəqiqliyi təsdiqlənməmiş məlumatı belə orada paylaşmaq istəyir. Facebook, WhatsApp, Instagram və digər platformalarda bu proses daim davam edir.
Bu durumda peşəkar jurnalistin üzərinə çox böyük missiya düşür. O, yanlış və dəqiqliyi şübhəli məlumatların əksinə olaraq daha obyektiv, daha informativ və düzgün informasiyanı yaymalıdır. Lazım gəldikdə təkzib etməli, yanlışlığı düzəltməlidir. Jurnalist təsadüfən belə bir yalana rast gəlirsə, onu düzəltmək özü-özlüyündə böyük faydadır. Bu baxımdan, məncə, dəqiqlik və operativlik peşəkar jurnalistin ayrılmaz yol yoldaşı olmalıdır.
Emosional toxunuşa da yer var. Hər hansı hadisəni bir qədər yumşaq, daha çatımlı dillə izah etmək mümkündür. Lakin hər halda həqiqəti təhrif etməkdən daha yanlış və qüsurlu heç nə yoxdur.
-Publisist kimi oxucunun ən dərinə toxunması üçün hansı üsula üstünlük verirsiniz: sərt reallığı göstərməyə, yoxsa onun içindəki ümid nöqtəsini tapmağa?
-Mən bu sualın böyük hissəsinə artıq publisistika haqqında danışarkən toxundum. Amma yenə də dəqiqlik üçün əlavə etmək istəyirəm. Publisistikada sərt reallıq qalmalıdır. Çünki publisistika sənədlilik üzərində dayanır. Reallıq necədirsə, publisist onu o şəkildə çatdırmalıdır. Bununla yanaşı, publisistin özünəməxsus bir missiyası var: çağırış etmək, oxucunu cəlb etmək, düşündürmək və bəzən də onu arxasınca aparmaq.
Məsələn, mən müharibə illərində - 1990-cı illərin əvvəllərində Qarabağ savaşının ən gərgin vaxtlarında - mütəmadi cəbhə səfərlərinə çıxırdım. Yazdığım cəbhə reportajları, döyüşçülərin portret oçerkləri, onların ağır və şərəfli həyat yolları haqqında hekayələrim həmin dövrün publisistikasına daxildir.
Həmin reportajlardan biri belə adlanırdı: "Qeyrət batalyonu qeyrətliləri səsləyir."
1993-cü ilin əvvəlində "Bakı-Baku" qəzetinin xətti ilə Ağdərə-Tərtər-Ağdam istiqamətinə səfər etmişdik. Fotoqrafımız Hicran Babayev ilə birlikdə Tərtərdə formalaşdırılan Qeyrət batalyonunun könüllülərlə dolu böyük toplaşma yerində olduq. Hicran hadisələri fotoda əbədiləşdirirdi, mən isə reportaj hazırlayırdım. Gənclərin arzularını, döyüş əzmini, düşmənə olan qəzəbini, vətənpərvərlik duyğularını yazıya köçürürdüm. Reportajda həm sərt reallıq, həm də çağırış hissi vardı.
Publisistikanın gücü də elə bundadır - çağırmaq, səsləmək, hərəkətə gətirmək və reallığı göstərərək oxucunu düşünməyə vadar etmək.
Ümid nöqtəsi məsələsi
Bəli, mən yazılarımda həmişə bir ümid nöqtəsi qoymağa çalışmışam, istər publisistik yazılarımda, istər bədii əsərlərimdə. Ümidə söykənmək, mübarizəyə davam edəcək gücü oxucuda yaşatmaq çox önəmlidir.
Bu yaxınlarda yazdığım ilk dramaturji əsərim - "Ümid işığı" adlı pyesim də bunun nümunəsidir. Taleyi çətinliklərlə dolu olan iki gəncin hekayəsi üzərində qurulan həmin əsərdə mən oxucu və tamaşaçı üçün xüsusi bir ümid işığı saxlamışam. Elə əsərin adı da bunu bildirir. Həyat nə qədər çətin olsa da, insan o ümidə sığınaraq yoluna davam etməlidir.
Hazırda "Ümid işığı" pyesi Şuşa Dövlət Musiqili Dram Teatrının repertuarındadır. Yay aylarında onun anşlaqla keçən premyerası oldu.
-Bu gün gənc jurnalistlərin ən böyük çatışmazlığını nədə görürsünüz - bilikdə, təcrübədə, yoxsa cəsarətdə? Əməkdar jurnalist kimi gənc jurnalistlərə məsləhətiniz, tövsiyyələriniz nələrdir?
Mən sizə deyim ki, bizim ailədə demək olar hər gün bu mövzuda söhbətlər gedir. Hər gün mənim həyat yoldaşımla - sənət dostum, ömür dostum, illər öncə tələbə yoldaşım olmuş Qulu Məhərrəmli ilə bu məsələləri müzakirə edirik.
Niyə müzakirə edirik?
Birincisi, bir evdə iki əməkdar jurnalist yaşayır. İkincisi, bizim bütün söhbətlərimiz, fikir mübadiləmiz əsasən jurnalistika, yazmaq mədəniyyəti, yazı səriştəsi üzərində cəmlənir. Kadr hazırlığı, jurnalist yetişdirmək məsələsi tez-tez gündəmimizdə olur. Qulu müəllim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Televiziya və radio jurnalistikası" kafedrasının müdiridir. Ona görə də jurnalist kadrlarının hazırlanması ilə bağlı onun fikirləri mənə çox maraqlı gəlir, mənim fikirlərim də ona eyni dərəcədə maraqlıdır.
-Bu gün gənc jurnalistlərin yetişməsində əsas diqqəti cəlb edən məsələ bilik və təcrübə çatışmazlığıdır. Jurnalist ilk növbədə təhsil aldığı fakültədə jurnalistikanın bütün janrlarını mükəmməl bilməlidir. Təkcə janrları yox, tədris olunan bütün fənləri yaxşı öyrənməlidir. Çünki jurnalist digər sənət sahiblərinə nisbətən daha geniş çevrə ilə işləyir. Hər hansı sənət sahibi yalnız öz sahəsini bilsə bəzən kifayət edir. Amma jurnalist hər gün çox fərqli sahələrdən olan insanlarla görüşür, mövzular araşdırır, faktlar toplamalıdır. Bu isə yalnız geniş bilik və davamlı mütaliə ilə mümkündür.
Jurnalist yazacağı mövzunu əvvəldən öyrənməlidir. Ona heç kim demir ki, o sahəni ali səviyyədə bilsin, amma ən azı əsas məqamları bilməlidir ki, düzgün yazı yaza bilsin. Müsahibə alacağı şəxsin peşəsini, işlədiyi sahənin incəliklərini də əvvəlcədən araşdırmalıdır. Təəssüf ki, bu yanaşma gənclərimizdə bəzən çatışmır.
Bu gün süni intellektin geniş yayıldığı bir dövrdəyik. İnternetdən, ChatGPT-dən və digər vasitələrdən istifadə edərək məlumat tapmaq çox asanlaşıb. Bu, müəyyən mənada lazımlıdır, işini sürətləndirə bilir. Amma jurnalistin öz biliyi, öz yanaşması, öz təhlili əvəzedilməzdir. Yazının keyfiyyətini müəyyən edən də bunlardır.
Mən gənclik illərimizi xatırlayıram. Bir mövzu verilirdi və redaktor bizi yazı yazmağa göndərirdi. O vaxt indiki kimi internet imkanları yox idi. Hər şeyi mütaliəmizə, kitab oxumağımıza, araşdırmalarımıza söykənirdik. Getdiyimiz obyektlərdə öyrəndiyimiz faktlar yazının əsasını təşkil edirdi. Bu prinsiplər indi də əsasdır və gənc jurnalistlər bunları mütləq nəzərə almalıdırlar.
Sevda Dəniz