Ümumdünya İnsan Hüquqları Günü – İnsan olmağın ən böyük dəyəri…

Hər il 10 dekabrda dünyada bir gün qeyd olunur ki, burada təkcə hüquqlar deyil, insan olmağın özü xatırlanır. Bu gün - Ümumdünya İnsan Hüquqları Günü - dünyaya,insan övladına bir həqiqəti yenidən göstərir:

Heç kəsin haqqı başqasından üstün deyil və hər bir insan dəyər üçün yaradılıb.

Bəzən gündəlik həyatın tələsi, problemlər, stress bizləri bir həqiqətdən uzaqlaşdırır və ya uzaqlaşmağı seçirik.

Hər kəs - yaşı, cinsi, irqi, dili, dini, düşüncəsi nə olursa-olsun, hörmət olunmağa, eşidilməyə və qorunmağa layiqdir.

Allahın yaratdığı hər insan övladı yarandığı gündən hüquqlarını da qazanır. O hüquqlar ki insan hüquqları deyəndə bu yalnız qanun kitablarında yazılan maddələr kimi dərk olunmamalıdır. Bu, hər gün yaşadığımız kiçik, amma gerçək, bəzən əhəmiyyət vermədiyimiz, insan həyatı üçün önəmli toxunuşlardır. Nədir bu toxunuşar, nədir bu həyati maddələr?
• Bir-birinə hörmətlə davranmaq,
• Seçim azadlığını qəbul etmək,
• Kimsənin ləyaqətinə toxunmamaq,
• Ədalətin hər kəs üçün eyni işləməsini istəyib ona dəstək olmaq.

Məhz bu bəndlər və onun əsasında genişləndirilmiş xassələr insan hüquqlarının əhəmiyyətini kəsb edir.
İnsan hüquqları əslində çox adi görünən, amma ən əvəzolunmaz dəyərlərimizin qorunmasıdır. Məhz bu dəyərlərin mənasını anlayan hər kəs insan hüquqlarının önəmini də dərk etmiş olur.

Bu gün vicdani keyfiyyətləri və mənəvi dəyərləri olan hər kəsə həm də bir sual ünvanlayır:
"Mən öz ətrafımda nəyi dəyişə bilərəm ki, dünya bir az daha ədalətli olsun?"

Bəzən böyük addımlar atmağa ehtiyac olmur. Kiçik bir yaxşılıq, bir anlayış, bir səmimi baxış belə bəzən bir insanın hüquqlarını, dəyərini, özünü dərk etməsini yenidən oyada bilir. Bəzən bir kəlmə söz belə insan həyatını xilas etmiş olur.

Bəzən önəmsəmədiyimiz və ya fərqinə varmadığımız bir davranışla bir insanın dünyasını yıxmış oluruq. Dolayısı ilə hüquqlarını əzmiş sayılırıq.

Bəzən qəlb qırmaq, könül sındırmağın mahiyyətinin nə qədər acı olduğunu unuduruq. Kitablarda yazılan insan hüquqları haqqında qanunların yazılmayan tərəfini də mən deyim sizə.

Ürəyimizi qoruduğumuz kimi ürəkləri də qorumağı bacarsaq, günümüz gülüstana dönər.

Gəlin ,bütün ürəkləri qoruyaq. Bir gün üçün deyil, yaşadığımız hər günü insan övladını sevək.
Gəlin, təkcə bu günü qeyd etməyək.
Gələn hər günün içində insan olmanın məsuliyyətini, dəyərini, gücünü yaşadaq.

Çünki insan hüquqları bir tarix, bir sənəd və ya bir təqvim günü yox, bizim hər gün seçdiyimiz münasibət və davranışlardır.

Gülər Mübariz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31