Veteran və qazilərin məzuniyyət müddəti artırılır
13:30 SosialQarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün veriləcək.
Olaylar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır.
"Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir", - deyə R.Mustafayev əlavə edib.