Binalarla bağlı görünməyən təhlükə – Sakinlərin nəzərinə

Dekabrın 5-də Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 4 nəfərin ölümü ilə nəticələnən olay bir sıra məsələləri gündəmə gətirib. Qeyd edək ki, hadisəyə mənzildəki kombi aparatında baş verən partlayış səbəb olub. Yaşanan yanğın bu istiqamətdə narahatlıqlara yol açıb.

Binalarda qızdırıcılarla bağlı nələrə diqqət edilməlidir?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, payız-qış mövsümünə keçid dövründə məişət yanğınlarının sayı adətən artır:

"Son ay üzrə açıqlanan rəqəmlər və ümumi statistika göstərir ki, mövsüm dəyişdikcə elektrik qızdırıcıları, qaz cihazlarından istifadənin artması yanğın riskini yüksəldir. Bu dinamika həm şəhər, həm də regionlar üzrə demək olar ki, eyni şəkildə müşahidə olunur. Yanğınların səbəblərinə gəldikdə, ən geniş yayılmış problem elektrik avadanlıqlarının, xüsusilə də köhnəlmiş elektrik naqillərinin düzgün istismar edilməməsidir. Hadisələrin təxminən yarıdan çoxu məhz elektrik yüklənməsi nəticəsində baş verir. Qaz sızması ilə bağlı hadisələr də qeydə alınır, lakin onların xüsusi çəkisi daha azdır".

Ekspert bildirib ki, mövsüm ərzində yanğına səbəb olan əsas amil nəzarətsiz qoyulan cihazlardır:

"Halbuki sadə qaydalara əməl etməklə belə hadisələrin qarşısını almaq mümkündür. Elektrik qızdırıcıları yalnız normativ tələblərə uyğun şəkildə və saz vəziyyətdə istifadə edilməlidir. Nasaz qızdırıcılardan və yaxud calaq olunmuş elektrik naqillərindən istifadə yolverilməzdir. Mənzil, ev və obyektlərdə qızdırıcılar işlək vəziyyətdədirsə, onları nəzarətsiz qoymaq olmaz. Qaz cihazlarının istifadə olunduğu evlərdə də sızma nəticəsində baş verə biləcək partlayış riski yüksəkdir. Bu hadisələrin qarşısını almağın yeganə yolu insanların məsuliyyətli davranması və cihazlara davamlı nəzarət etməsidir. Cihazların nəzarətsiz qalması həm yanğınların, həm də qaz sızması səbəbindən partlayışların ehtimalını xeyli artırır. Önləyici tədbirlərin görülməsi ilə bütün bu potensial hadisələrin qarşısını almaq mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31