8 min müəllimin işinə xitam verildi – Nazir
8 Dekabr 13:30 Sosial"Dillə bağlı müxtəlif müzakirələr ayrı-ayrı tədqiqatlara əsaslanmalıdır".
Olaylar.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dilinin tədrisində əsas hədəflər bunlardır:
"- Dil duyumunun formalaşması,
- Nitq bacarıqlarının inkişafı,
- İfadə və ünsiyyət qabiliyyətinin artırılması,
- Mütaliə, təhlil, anlama və fikri ifadəetmə vərdişlərinin möhkəmləndirilməsi.
6 yaşlı şagirdlərdən dillə bağlı hər hansı siyasi mövqe gözləmək mümkün deyil. Buna görə də 6, 7 və 8 yaşlı şagirdlərdə əsasən bacarıqlar formalaşdırılmalıdır. Bu isə siyasi-ictimai yox, pedaqoji prosesdir. Təhsil sahəsində son illərdə qəbul edilmiş qərarlardan biri də ibtidai siniflərdə Azərbaycan dilinin tədrisinin möhkəmləndirilməsidir.
Azərbaycan tarixi və çağırışaqədərki hazırlıq fənlərinin tədris dili hansı olmasından asılı olmayaraq, məktəblərdə Azərbaycan dilində tədrisinə üstünlük veriləcək.
Son illərdə müəllimlərin sertifikatlaşdırılması prosesində 8 min müəllimin işinə xitam verilib. Onların 4500-ü ibtidai sinif, 1000-i isə Azərbaycan dili müəllimləridir. Müəllimin səriştəsi əsas məsələdir. Xüsusilə ibtidai sinifdə dərs deyən müəllim dilin düzgün öyrədilməsində həlledici rol oynayır, çünki təməl məhz həmin mərhələdə qoyulur. Dünyanın bütün ölkələrində bu məsələyə çox ciddi yanaşılır.
Nəticə olaraq, həm dilin tədrisi, həm də ümumi təhsil prosesi bizim üçün prioritetdir".