Cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıqlardan biri məlumatı sorğulamağı bacarmaqdır - Dekan

Azərbaycanda media savadlığı ayrıca tədris olunur, lakin bununla yanaşı, jurnalistika ixtisası ilə bağlı fənlərin tədrisinə də müəyyən elementlər inteqrasiya edilib.

Olaylar.az xəbər verir ki, bunu bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

V.Zifəroğlu vurğulayıb ki, praktiki nöqteyi-nəzərdən isə burada əsas məsələ xəbər istehsalı prosesində informasiyanın hansı meyarlarla işlənilməsi, hansı norma və prinsiplərə əməl olunması, analitik və araşdırma jurnalistikası zamanı mövzuların işlənməsi və faktların toplanması prosesində hansı ölçülərin əsas götürülməsi, sorğu aparmağın doğru üsulları, sualların düzgün qoyuluşu kimi vacib bacarıqların öyrədilməsidir:

"Bu meyarlar obyektivlik və dəqiqlik prinsiplərindən kənara çıxmamaq üçün çox əhəmiyyətlidir. Praktiki dərslər və tapşırıqlar zamanı da bu nüanslar xüsusi olaraq nəzərə alınır".

Dekan bildirib ki, media savadlığı yalnız jurnalistlər üçün deyil - bütün cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıqlardan biri sorğulamağı bacarmaqdır:

"Əldə edilən və ya qarşıya çıxan hər hansı bir informasiyanın həqiqəti nə dərəcədə əks etdirdiyini, həmin məlumatda həqiqət payının nə qədər olduğunu müəyyənləşdirmək qabiliyyəti hər kəsdə olmalıdır.

İnternet və informasiya kanalları bizə çoxsaylı alternativ mənbələr təqdim edir. Bu isə o deməkdir ki, bir mənbədən əldə etdiyimiz məlumatın nə dərəcədə həqiqət olduğunu digər müstəqil və paralel mənbələrdən yoxlamaq mümkündür. Bunun üçün sadəcə olaraq "bu nə dərəcədə həqiqət ola bilər?" sualını vermək, yəni sorğulamağı bacarmaq kifayətdir".

BDU nümayəndəsi xatırladıb ki, Azərbaycana qarşı aparılan informasiya müharibəsi çərçivəsində internetdə, o cümlədən tanınmış platformalarda, məsələn, "Wikipedia"da Azərbaycanın tarixi faktları, tarixi şəxsiyyətləri, bölgələri, toponimləri və etnoqrafiyasına dair çoxlu sayda yalan məlumatlar mövcud olub:

"2010-cu illərdə gənclərimizin başladığı könüllü hərəkat həmin dezinformasiyaların aradan qaldırılmasına yönəlmişdi. O dövrdə jurnalistika fakültəsinin tələbələri də bu prosesə fəal qoşularaq mətnlərin tərcüməsinə, faktların yoxlanılmasına, mənbələrin dəqiqləşdirilməsinə yardım göstərirdilər.

Bu nümunələr göstərir ki, müxtəlif kanallardan müxtəlif məlumatlar yayıla bilər, lakin əsas məsələ həmin məlumatı sorğulamaq, onu digər paralel mənbələrlə yoxlamaq və nə dərəcədə həqiqəti əks etdirdiyini müəyyənləşdirməkdir. Bu isə media savadlığının ən vacib komponentidir".

Qeyd edək ki, bu gün Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

Forum çərçivəsində birinci panel sessiya "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunub.

"Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda ikinci panel sessiyaya keçirilməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31