Uşaqların inkişafı üzrə strategiyada media savadlılığının inteqrasiyası araşdırılır - Departament direktoru

Reaktiv strategiyalar, informasiya təhlükəsizliyinin təmin olunmasında müxtəlif koordinasiya və operativ tədbirlər, qanunvericilik təşəbbüsləri, eləcə də texnologiyaların inkişafı ilə süni intellekt vasitəsilə yaradılmış məzmunların aşkarlanması kimi alətlər mövcuddur.

Olaylar.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

Departament rəhbəri bildirib ki, bunlar effektivdir, lakin tam və qəti şəkildə kifayət etmir. Çünki dezinformasiyanın əsas hədəfi cəmiyyətdə, xüsusilə də həssas istifadəçi qrupları arasında çaşqınlıq yaratmaqdır:

"Bu problemin həlli isə uzunmüddətli və proaktiv strategiyalardan keçir. Bu strategiyaların əsasını media savadlılığının artırılması təşkil edir. Media savadlılığı informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və tənqidi qiymətləndirilməsi bacarıqları deməkdir".

L.İsgəndərova xatırladıb ki, 2022-ci ildən etibarən uğurlu beynəlxalq təcrübə əsasında yerli proqram hazırlanıb və mərhələli şəkildə tətbiq olunur:

"Media savadlılığı ömürboyu öyrənilən bacarıq hesab edilir. İnformasiya mühiti dinamik şəkildə dəyişdiyi üçün hər yeni tendensiya media savadlılığının əhatə dairəsini və alt bacarıqlarını yenidən formalaşdırır".

MEDİA rəsmisi əlavə edib ki, media savadlılığının tədrisi və təbliği zamanı formal və qeyri-formal təhsil üsullarından istifadə olunur. Ən effektiv istiqamət bu bacarıqların formal tədrisə inteqrasiyasıdır və bununla bağlı müvafiq addımlar atılır:

"Qeyri-formal təhsildə isə məqsəd bütün həssas istifadəçi qruplarını əhatə etməkdir. Bu çərçivədə indiyədək 25 rayon və şəhərdə 3 000-ə yaxın vətəndaş əhatə olunub.

Uşaqların inkişafına dair strategiyada da media savadlılığı üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə hansı fənn və siniflərdə daha effektiv inteqrasiya modelinin tətbiq oluna biləcəyi araşdırılır. Eyni zamanda, şagirdlər tərəfindən hansı metodoloji yanaşmaların daha yaxşı mənimsənildiyi təhlil edilir".

Qeyd edək ki, bu gün Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

Forum çərçivəsində birinci panel sessiya "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunub.

"Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda ikinci panel sessiyaya keçirilməsi də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31