İnformasiya təhlükəsizliyi və media ekosisteminin gücləndirilməsi dövlətin strateji prioritetidir - MEDİA rəsmisi

İnformasiya təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə media ekosisteminin gücləndirilməsi hal-hazırkı dövrdə həm cəmiyyət, həm də dövlət üçün həyati əhəmiyyət kəsb edir.

Olaylar.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) Hüquq şöbəsinin müdiri Adil Tağıyev Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

Şöbə müdiri vurğulayıb ki, informasiya təhlükəsizliyinin təmin edilməsi artıq təkcə strateji məsələ deyil, eyni zamanda dövlətin milli təhlükəsizliyinin, strateji ictimai sabitliyinin və vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib:

"Bu baxımdan güclü media ekosistemi informasiya təhlükəsizliyinin təmin olunmasının əsas sütunlarından biri hesab olunur".

A.Tağıyevin sözlərinə görə, güclü media dedikdə bu gün yalnız geniş texniki imkanlara malik media qurumları nəzərdə tutulmur:

"Güclü media həm də peşəkar jurnalistika, faktların araşdırılması və geniş ictimai maarifləndirmə deməkdir. Məhz bu elementlərin bir araya gəlməsi cəmiyyətdə təhrif olunmuş məlumatların qarşısının alınmasına və vətəndaşların düzgün istiqamətləndirilməsinə şərait yaradır".

MEDİA rəsmisi əlavə edib ki, müasir dövrdə informasiya təhlükəsizliyi hər bir dövlətin strateji prioritetlərindən biri hesab olunur.

"Rəqəmsal dünyanın sürətlə inkişafı, sosial şəbəkələrin genişlənməsi və informasiya axınının artması bir tərəfdən geniş imkanlar yaratsa da, digər tərəfdən ciddi təhlükələr formalaşdırır. Bu baxımdan dayanıqlı media ekosisteminin formalaşdırılması xüsusilə vacibdir", - deyə o fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31