Cəbrayıl rayonunda Uşaq əməyinin istismarı - “İtirilən uşaqlıq” mövzusunda tədbir keçirilib- ÖZƏL

03 dekabr 2025-ci il tarixdə Rayon İcra hakimiyyətinin təşkilatçılığı və Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə 14 saylı tam orta məktəbdə Uşaq əməyinin istismarı - "İtirilən uşaqlıq" mövzusunda tədbir keçirilib. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, azyaşlılar üzrə inspektor, polis leytenantı Abutalıb İsmayılov, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, fəallar, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaq əməyinin istismarı qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurur, əksər hallarda onun təhsildən yayınması ilə müşahidə olunur. Qeyd edilib ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Habelə onlar əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarda, kazinolarda işlərə cəlb edilə bilməzlər. Tədbirdə eyni zamanda əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə barədə də geniş məlumat verilib. Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə zamanı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından qanunvericilikdə nəzərdə tutulan əlavə təminatlar, güzəştlər diqqətə çatdırılıb. 
Tədbir uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair slaydlarla davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31