Uşaqlarınızda bu əlamətlər varsa, diqqətli olun! – Xəbərdarlıq
17:53 SosialBinəqədidə mənzildə meyiti tapılan 13 yaşlı qızın atasının dedikləri ictimaiyyətdə narahatlıq yaradıb. O, övladının gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxdığını deyib.
Sitat: "Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdir. Cin, şeytan, qəbiristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən, telefonundadır".
Bu cür hadisələr cəmiyyətə nə vəd edir? Uşaqlara telefon qadağan edilməlidirmi?
Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, valideynlər uşağın internetdə keçirdiyi müddətə diqqət etməlidirlər:
"Xüsusilə 10-16 yaş arası yeniyetmələr telefon və sosial şəbəkələrdə nə qədər vaxt keçirir, kimlərlə ünsiyyətdədir, hansı oyunları oynayır - bunlar nəzarətdə olmalıdır. Bunun üçün valideyn nəzarəti tətbiqlərindən istifadə etmək də çox kömək edir. Amma ən vacibi, uşaqla açıq və etibarlı münasibət qurmaqdır. Uşaq valideynindən qorxmursa, cəzalandırılacağını düşünmürsə və rahat danışa bilirsə, belə risklər daha az olur. Bu cür təhlükəli oyunlara qoşulan yeniyetmələrdə müəyyən davranış dəyişiklikləri görünə bilər. Məsələn, özünə qapanmaq, otaqda uzun müddət tək qalmaq istəyi, gecələr yatmamaq, telefonu gizlətmək, səbəbsiz narahatlıq, aqressiya, əhval düşkünlüyü, bədəndə izlər, cızıqlar və ya özünə zərər şübhəsi, valideyndən uzaqlaşmaq, ünsiyyətdən qaçmaq, telefonun ekranını tez bağlamaq və ya başqasının görməsindən narahat olmaq bu sırada yer alır. Sözügedən əlamətlərin biri yox, bir neçəsi eyni anda görünürsə, valideyn mütləq vaxt itirmədən mütəxəssisə müraciət etməlidir".
Psixoloq qeyd edib ki, məktəblərin də bu prosesdə rolu böyükdür:
"Belə təhlükəli oyunlar haqqında həm valideynlər, həm də şagirdlər üçün mütəmadi maarifləndirmə işi aparılmalıdır. Məktəb psixoloqları "rəqəmsal təhlükəsizlik", "internet davranışı" kimi mövzularda uşaqlarla müzakirələr təşkil edə bilər. Eyni zamanda, məktəbdə davranış dəyişikliyini vaxtında görmək üçün erkən xəbərdarlıq sistemi olmalıdır ki, hər hansı dəyişiklik olanda psixoloq dərhal müdaxilə etsin".