Alimdən sahilboyu tikintilərə SƏRT İRAD: “Xəzər yenə qalxacaq, bu torpaqlar əslində dənizin dibidir”

Xəzər dənizində son illər müşahidə olunan suyun çəkilməsi sahilboyu yeni torpaq sahələrinin üzə çıxmasına gətirib. Bu proses isə həmin ərazilərin gələcək taleyi, xüsusən də burada tikinti işlərinə icazə verilib-verilməməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Mütəxəssislər bildirirlər ki, dənizin səviyyəsi dəyişkən xarakter daşıyır və yaxın onilliklərdə yenidən qalxma ehtimalı istisna edilmir. Buna baxmayaraq, bəzi sahil zonalarında - xüsusilə Sumqayıt ətrafında -yeni binaların və obyektlərin tikintisi sürətlə davam edir. Sakinlərin sözlərinə görə, vaxtilə tamamilə su altında olan həmin ərazilərdə indi geniş yaşayış məhəllələri formalaşır.

Azərbaycan alimi, iqtisadi coğrafiya üzrə mütəxəssis Çingiz İsmayılov Musavat.com-a fikrini bölüşüb:

"Bu məsələ daim qaldırılır. Əlbəttə, biz dəfələrlə demişik ki, Xəzər dənizi tərəddüd edir. Son 150 illik müşahidələr göstərir ki, Xəzər mütəmadi olaraq 35-50 illik dövrlərlə səviyyəsini qaldırıb endirir. Yəni, o, dinamik, canlı bir orqanizm kimi əvvəlcə səviyyəsi qalxır, sonra isə enir və enmə dövründən sonra yenidən qalxma prosesi başlayır. Bu, yeni bir şey deyil. Hazırda Xəzərin səviyyəsi düşdüyü üçün sahil ərazilər boşalır, lakin burada hər hansı tikinti aparılması qətiyyən qəbuledilməzdir. Vaxtilə mərhum Prezidentimiz Heydər Əliyev belə bir qərar vermişdi ki, sahildən 150 metr məsafədə tikinti aparmaq olmaz. Bu, qanun deyil, sərəncam idi, amma həmin sərəncama riayət etmək lazımdır. Yəni, sahil ərazilərdə tikintilərin aparılması məqsədəuyğun deyil. Təhlükəlidir və ona görə də burada qətiyyən tikinti aparmaq olmaz. Nəzərə almaq lazımdır ki, indi səviyyə bir neçə il düşəcək, sonra isə tədricən yenidən qalxacaq. Yəni bu, hər dəfə "su çəkildi - tikinti aparaq, su qayıtdı - kompensasiya verilsin" kimi oynanılacaq bir məsələ deyil. Su geri qayıdanda insanlar dövlətə və ya sığorta şirkətlərinə müraciət edəcəklər. Ona görə də sahil əraziləri boşalsa belə, su çəkilsə belə, orada heç nə tikmək olmaz".

Professor bildirib ki, Xəzərdə bu dövrlər mütəmadi olaraq təkrarlanır və səviyyə yenə qalxacaq: "Buna görə də burada tikinti aparmaq mümkünsüzdür. Hər hansı bir sənəddə buna icazə verilsə belə, bu, qanuni sənəd sayıla bilməz - çünki sahilin çəkildiyi ərazilərdə ümumiyyətlə tikinti aparmaq olmaz"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31