Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açılıb
18:56 SosialSabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.
Olaylar xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.
Həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Hüseyn Cəfərov dekbrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.