“Utanmazcasına deyir ki, filankəsi birinci dərsdən yola çıxardım” – Bakıda təlimçilər “canavara" çevrilib – Həyatımız təhlükədə

Paytaxt yollarında hər gün rast gəldiyimiz hadisələrdən biri də təlim maşınlarının yaratdığı qəza riskidir. Sürücülük öyrənmək istəyən gənclər və yeni sürücülük hüququ qazananlar artıq heç bir hazırlıq keçmədən magistral yollara çıxarılır. Nəticə qaçılmaz olur - təhlükəli vəziyyətlər, qəza şəraitləri və yol hərəkətində sıxlıq yaranır.

Problem sadə deyil - təlimçi müəllimlər, əsasən qadın müəllimlər tələbələri yüksək sürətli yollara çıxarmağa məcburdurlar. Onların məqsədi sürücüyə təcrübə qazandırmaqdır, amma əslində nəticə tam əksinədir. Hazırlıqsız sürücülərin magistral yola çıxarılması yol qəzalarının artmasına səbəb olur və şəhər sakinlərinin gündəlik həyatını təhlükəyə atır.

Səbəb Bakı şəhərində təlim mətəqələrinin yoxluğudur. Əvvəllər şəhərdə fəaliyyət göstərən bütün təlim stadionları bağlanıb və sürücülük məktəbləri artıq alternativ yol tapmaq məcburiyyətindədir. Təlimçilər başqa çıxış yolu olmadığından, tələbələri birbaşa magistral yola çıxarmağa məcbur olurlar.

Bu vəziyyət ciddi narahatlıq doğurur. Təlim prosesi yalnız nəzəriyyə ilə bitmir - praktiki sürücülük bacarıqları ən yaxşı şəraitdə, nəzarət altında, təhlükəsiz mühitdə öyrədilməlidir. Amma Bakı yollarında bu mümkün deyil. Yeni sürücülərin magistral yola çıxması həm onların, həm də digər sürücülərin həyatını risk altına qoyur.

Bu, təkcə sürücülük məktəblərinin problemi deyil, bütün paytaxtın yol təhlükəsizliyi məsələsidir. Dövlət və müvafiq qurumlar sürücülük təlimi üçün müasir stadionların açılmasını təmin etməli, şəhər yollarında təhlükəni azaltmalıdır. Əks halda, hər gün magistral yollarda yeni qəza xəbərləri ilə qarşılaşmaq qaçılmaz olacaq.

Bakıda sürücülük öyrənmək istəyənlər üçün şərait yaratmaq sadəcə təhsil deyil, həm də vətəndaşların təhlükəsizliyinin qorunması məsələsidir.

elmeddin-muradli.jpg (19 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, təlim prosesi ilə bağlı qaydalarda göstərilir ki, ilkin vərdişlər qapalı zonada keçirilməlidir. Yalnız bundan sonra təlimçi sürücünü ümumi istifadədə olan yola çıxara bilər:

"Lakin indi elə təlimçilər var ki, onların özünə təlim lazımdır. Çünki prosesdən xəbərsiz kimi davranırlar və yaxud da bilərəkdən qaydaları pozurlar. Bu cür təlimçilər ilk dərsdən tələbəni ümumi istifadədə olan yola çıxarırlar. Bu isə təhlükəli vəziyyət yaradır. Buna görə də sürücülük təlimlərinə yanaşma dəyişməlidir.

Bir müddət əvvəl Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı qəbul olundu. O proqramda açıq şəkildə göstərilib ki, təlimçilər sertifikatlaşdırılsın. Lakin nədənsə bu proses unuduldu, sertifikatlaşdırma işi aparılmadı. Nəticədə özlərinin təlimə ehtiyacı olan təlimçilər bu gün iş başındadırlar, yenə də qaydaları pozurlar, təhlükə yaradırlar. Düşünürəm ki, bu məsələyə baxılmalı və qayıdılmalıdır. Çünki bu, olduqca zəruri bir məsələdir. Hər şey təlimçilərin sertifikatdan keçməsindən asılıdır. Çünki ilkin vərdişləri, sürücülük təcrübəsini kim necə öyrənirsə, elə də gedir.

Doğrudur, Azərbaycanda təlim məntəqələrinin yoxluğu da bir problemdir. Bu yaxınlarda Bakı Olimpiya Stadionunun ərazisindən istifadə edən təlimçilərin üzünə qapını bağlamışdılar və icazə verməmişdilər. Yerdə qalan bir-iki yerə isə girişi məhdudlaşdırırlar, problem yaradırlar. Bu baxımdan təlimçilərin işləri çox çətindir. Elə bir sistem qurmaq lazımdır ki, normal təlimçilər normal yerdə təlim keçib təhlükəsizlik qaydalarına əməl etsinlər".

telim-masini.jpg (22 KB)

Ekspert deyib ki, paytaxtda sıxlığın yaşandığı saatlarda təlimçilər əsas yollarda təlim keçdikləri sürücüləri yola çıxarırlar:

"Heç bir qaydaya əməl edilmir və bu hal insanların narazılığına səbəb olur. Təlim məntəqələri olsaydı, onların əsas yolda nə işi qalardı? Buna görə də təlimçilər üçün ilk növbədə şərait yaradılmalıdır. Eyni zamanda təlimçilərin sertifikasiyadan keçməsi məcburi hal almalıdır. Vətəndaş təlimçiyə müraciət edəndə bu sertifikatı ondan tələb etməli və bilməlidir ki, təsdiqlənmiş təlimçidirmi. Özünün biliyi varmı ki, ona da nəsə öyrətsin.

Təlimçilərlə bağlı hazırda çox ciddi problemlər var. Elə təlimçilər var ki, sükan arxasında telefonla danışır, çəkiliş edir, şou göstərir. Utanmazcasına deyir ki, ay camaat, baxın, filankəsi birinci dərsdən yola çıxardım.

Birinci dərsdən tələbəyə Heydər Əliyev prospektində təlim keçirsən. Halbuki bunu hərəkətin intensiv olmadığı küçədə də etmək olar. Üstəlik də bu təlimi əlində telefonla çəkirsən. Qanunvericiliyə görə, təlimçi təlim prosesi zamanı sükan arxasında sürücü qismində tanınır. Sürücü qismində tanınırsa, deməli, telefondan istifadə etməməlidir. Ona görə də bu gün proqramları kökündən həll etmək lazımdır. Ən yaxşı variant isə sertifikasiya prosesini tezləşdirməkdir. Aidiyyəti qurumlar bu məsələni gözardı etməsinlər".

Şahanə Rəhimli
Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31