Bakıda “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransı keçiriləcək

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum "İslam dünyasında süni intellekt indeksinin tərtib olunması" beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlir.

Olaylar.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış "İslam dünyasında süni intellekt indeksi" sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunacaq.

Konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.

Tədbirdə ICESCO-ya üzv 10 ölkənin təhsil nazirləri, beynəlxalq ekspertlər, dövlət qurumlarının nümayəndələri və ümumilikdə 150-yə yaxın iştirakçı təmsil olunacaq. Konfrans çərçivəsində təhsil sistemində süni intellektin roluna həsr olunmuş müzakirələr aparılacaq və "ICESCO-ya üzv ölkələr arasında süni intellekt indeksinin tərtib olunması"na dair yekun bəyannamə qəbul ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31