Azad edilən ərazilərdə Radio-Televiziya Yayım Stansiyasılarının quraşdırılması işləri davam etdirilir
18:31 Sosialİşğaldan azad edilən ərazilərdə televiziya və radio proqramlarının yayımı üçün hazırda 8 ədəd Radio-Televiziya Yayım Stansiyası (RTYS) (Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan), Xanlıq (Qubadlı), Şahyeri (Hadrut), Laçın, Balasoltanlı (Qubadlı) və Həsənriz kəndi (Ağdərə) bərpa edilib.
Tələbata uyğun yeni Radio-Televiziya Yayım Stansiyasılarının quraşdırılması istiqamətində işlər davam etdirilir.
Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə və digər ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.
Eyni zamanda, Ağdərə rayonunun ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz kənd Radio-Televiziya Yayım Stansiyasının işi 2025-ci il yanvarın 17-də bərpa edilib. Stansiya elektrik enerjisi ilə təmin olunub. Texniki bina təmir edilib və müvafiq avadanlıqlar, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.
Bundan başqa, Xocalı rayonunun inzibati ərazisində yerləşən RTYS-in (Xankəndi RTYS) tikintisi işlərinə başlanılıb. Həmçinin, tikinti layihəsi üzrə işlərin icrası zamanı "Time Lapse" rejimi ilə videoçəkilişlərin keyfiyyətli şəkildə aparılması məqsədilə müvafiq qurğu və avadanlıqlar tikinti obyektində quraşdırılaraq çəkilişlərin təşkili təmin edilib. Layihə üzrə işlər razılaşdırılmış qrafikə uyğun həyata keçirilir.