Bakıda yarım milyonluq toyu onlar edirmiş – İlginc detallar

Şairə Nazilə Səfərlinin toy qiymətləri ilə bağlı fikirləri rezonans doğurub. O, "Öz aramızda" verilişində deyib ki, Bakıda 200 min manata xına məclisləri keçirilir, təkcə dekorasiya 50 mindən çox olur, xonçaya yarım milyon manat ödəyənlər belə var. Paralel olaraq, müğənni Kərim Abasov da başqa ölkələrdən bahalı qiymətə müğənnilərin dəvət edildiyini bildirib, hətta türkiyəli müğənni Mustafa Sandalın Bakıda keçirilən məclisə görə 1 saatı üçün 170 min dollar aldığını iddia edib. Bu rəqəmlər bir tərəfdən imkanlı təbəqənin həyat tərzini göstərsə də, digər tərəfdən sosial bərabərlik, dəbdəbə yarışı və israf mövzularını alovlandırıb. 

Bu toyları edənlər kimlərdir? Belə astronomik rəqəmlər nədən xəbər verir?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, yuxarı təbəqədən olan şəxslər pullarını sadəcə ehtiyac üçün yox, həm də başqalarına nümayiş etdirmək üçün xərcləyirlər:

"Azərbaycanda isə bu nümayiş elə xına gecəsindən başlayır. Nə qədər paradoksal səslənsə də, bu insanlar xına, toy kimi tədbirlərlə evliliklərinə yox, əvvəlcə sosial statuslarına investisiya edirlər. 200 minlik dekorasiyalar, yarım milyonluq xonçalar hamısı sevgi, sevinc, ailə məsələlərindən çox, "Görün biz kimik, kimlərdənik" mesajının ötürülməsi üçündür. Yəni ortada açıq-aydın bir dəbdəbə yarışı var. Bunun absurd səviyyəyə çatması isə göstərir ki, pulla alınan komfort insanlara kifayət etmir, onlar pulla güc, böyüklük illüzsiyasını da almaq, ətrafa göstərmək istəyirlər. Bu da hər zaman sosial təbəqələşməni daha da sərtləşdirir".

Bakıda yarım milyonluq toyu onlar edirmiş - İlginc detallar

Yusif Nəbiyev

Sosioloq bildirib ki, astronomik rəqəmlər sosial uçurumun dərinliyindən xəbər verir:

"Bir tərəfdə gənc ailələr 20-30 minlik toy kreditinin altından çıxa bilmirlər, evləndikdən sonra belə illərlə kredit ödəyirlər, digər tərəfdən isə toyda sırf hansısa məşhur müğənni oxusun deyə, bir saatına 100-150 min dollar verənlər var. Bu disbalans cəmiyyətdə nisbi məhrumiyyət hissini gücləndirir. Aydın məsələdir ki, belə toyları təşkil edənlər ölkədə formalaşmış yüksək gəlir qrupları, oliqarx təbəqəsi, dövlət və biznes dairələrinin nümayəndələri və ya onların yaxın ətraflarıdır. Bu insanlar üçün toy adi bir ailə mərasimi deyil, reputasiya və güc nümayişidir. Şübhə yoxdur ki, pul təkbaşına sosial status yarada bilmir, onu bir yerə toplayıb camaata göstərmək lazımdır. Bu toylar da həmin "göstərmə mərasimi"nin müasir versiyasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31