Azərbaycan Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Beynəlxalq axtarışa verilmiş daha bir şəxs ekstradisiya edilib.

Olaylar xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

Qeyd edilir ki, xarici ölkələrin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31