Oğuz Güner: Azərbaycan-Türkiyə Birgə Media Platformasını TDT-yə üzv digər ölkələrlə daha geniş şəkildə tətbiq etməyi hədəfləyirik
17:05 SosialTürk Dövlətləri Təşkilatı (TDT) yarandığı gündən bəri güclü inteqrasiya, daha sıx əməkdaşlıq və əlaqələndirmə ilə institusional inkişafını davam etdirir. Bu prosesdə Azərbaycanın həm coğrafi, həm də siyasi baxımdan son dərəcə mühüm, strateji və açar rola sahib olduğunu söyləyə bilərik.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyə Prezidentininin Kommunikasiya İdarəsinin İctimai diplomatiya departamentinin rəhbəri Oğuz Güner deyib.
O qeyd edib ki, sabah TDT-nin Media və informasiya nazirlərinin toplantısı keçiriləcək. Bu gün isə həmin toplantının hazırlıq sessiyası çərçivəsində bir araya gəlmişik. Azərbaycan Türk dünyasının ən gözəl və strateji ölkələrindən biridir. Burada qardaşlarımızla birlikdə olmaqdan böyük məmnunluq duyuruq".
O, TDT-nin beynəlxalq xarakterli, hökumətlərarası təşkilat olduğuna diqqət çəkərək vurğulayıb: "Üzv ölkələr həm coğrafi mövqeləri, həm də geostrateji əhəmiyyətləri baxımından çox önəmli rol oynayırlar. Bu dövlətlər arasında inteqrasiya təkcə iqtisadiyyat və sənaye sahələri ilə məhdudlaşmır, media və kommunikasiya sahəsi də xüsusi diqqət, strateji yanaşma tələb edir. Artıq beynəlxalq münasibətlər böyük ölçüdə beynəlxalq ictimaiyyətin qavrayışları üzərində formalaşır. Buna görə də media və kommunikasiya ekosistemindəki aktorlar arasında əməkdaşlıq, koordinasiya və qarşılıqlı əlaqə üzərində ciddi şəkildə dayanmaq lazımdır.
Türkiyə ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən O.Güner deyib: "Bu, digər üzv ölkələr üçün uğurlu modeldir və təcrübəmizin digər Türk dövlətlərinə də genişləndirilməsi əsas prioritetlərimizdən biridir. Xüsusilə dezinformasiya, deepfake texnologiyaları, saxta xəbərlərlə mübarizə kimi məsələlərdə əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir. Mövcud ortaq media platformamız bu istiqamətdə çox yaxşı nümunədir və biz bu modeli digər ölkələrlə daha geniş şəkildə tətbiq etməyi hədəfləyirik".