Zarina Kalmuratova: Media savadlılığı yalnız düzgün məlumatı seçmək deyil, informasiyanın dərk olunmasını da tələb edir
15:30 SosialMedia savadlılığı düzgün məlumatı yanlışdan ayırmaqla məhdudlaşmır. Buraya, həmçinin biz nəyi yayırıq, tənqid əsasında düşünə bilirikmi, məlumatı bizə təqdim edilən şəkildə uduruq, yoxsa başqa tərəfdən yanaşırıq kimi məsələlər də daxildir. İnformasiyanı həzm etməyi bacarmaq lazımdır.
Olaylar.az xəbər verir ki, bunu noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumunda Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova deyib.
O bildirib ki, bu gün rəqəmsal media savadlılığı, süni intellektin təsiri və informasiya təhlükəsizliyi xüsusi önəm daşıyır. Məhz buna görə də TDT-nin işçi qrupu media savadlılığının artırılmasını öz fəaliyyət planına daxil edib. Bu addım heç də təsadüfi deyil və müasir informasiya mühitinin çağırışlarına cavab verir.
"Qırğızıstanda feyk məlumatlardan qorunmaq haqqında qanun var. Bu sənəd artıq üç ildir qüvvədədir. İnformasiya agentliyi hansısa şəxsin şərəf və ləyaqətini pozursa, onlar aidiyyəti üzrə səlahiyyətli quruma müraciət edə bilərlər. Bizim həmin məlumatı iki ay ərzinədək bloklamaq səlahiyyətimiz var, əgər bu agentlik dövlətdə qeydiyyatdan keçibsə.
Amma feysbuk, instaqram kimi sosial şəbəkələrdən söhbət gedirsə, bizim bu sahədə mexanizmimiz yoxdur", - deyə Zarina Kalmuratova əlavə edib.