Xırdalan sakinlərinə pulsuz hüquqi xidmət göstərilib- ÖZƏL

"Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Milli Məclis və Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasına uyğun olaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planı üzrə respublikanın müxtəlif bölgələrində pulsuz hüquqi yardım aksiyaları həyata keçirilir". Bunu "Olaylar"a Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Bu çərçivədə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təmsil etdiyim 49 saylı Abşeron ikinci seçki dairəsi üzrə və yaxın ərazilərdə  məskunlaşan vətəndaşlara ödənissiz hüquqi yardım aksiyası təşkil edildi.  Görüş zamanı sakinlərin müraciətləri dinlənildi, onların hüquqi suallarına və problemlərinə Vəkillər Kollegiyasının üzvü olan vəkillər tərəfindən ətraflı və peşəkar hüquqi yardım göstərildi. 
Keçirilən bu aksiyalar əhalinin hüquqi maarifləndirilməsinə, hüquqlarının müdafiəsinə əlçatanlığın artırılmasına və "Konstitusiya və Suverenlik İli"nin məqsədlərinə töhfə verməyə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31