İşçi qrupun iclasında media forumları və səfərlərin təşkili müzakirə olundu - Rasim Bağırov

12-ci iclas çərçivəsində üzərində işlədiyimiz fəaliyyət planını müzakirə etdik. Fəaliyyət planı çərçivəsində təşkilata üzv dövlətlərin üçtərəfli görüşləri, media forumları və müxtəlif istiqamətlər üzrə səfərlərin təşkili məsələlərini nəzərdən keçirdik.

Olaylar.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

R.Bağırov bildirib ki, iclasda tərəflər hər biri öz ölkələrində media sahəsində həyata keçirdikləri fəaliyyətlər və dezinformasiyaya qarşı apardıqları tədbirlər barədə məlumat veriblər:

"Eyni zamanda imzalanmış müxtəlif sənədlər, TDT çərçivəsində fəaliyyət göstərən sahələr və platformaların hazırkı vəziyyəti, həmçinin gələcək planları müzakirə olundu. Azərbaycan üçün TDT-yə üzv ölkələrlə əməkdaşlıq prioritet məsələlərdən biridir. Həmin dövlətlərlə sıx əlaqələrimiz mövcuddur".

Direktor xatırladıb ki, Azərbaycan və Özbəkistan arasında "Yol xəritəsi" adlı sənəd artıq mövcuddur.

"Bu sənəd çərçivəsində bir sıra tədbirlər keçirilib və həmin tədbirlər qarşılıqlı xarakter daşıyır", - deyə o vurğulayıb.

MEDİA rəsmisi qeyd edib ki, Azərbaycan türk dövlətləri ilə media sahəsində əməkdaşlığı davamlı və sıx şəkildə irəlilətməkdə maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31