Artan təhlükələr, çoxalan suallar: Bakıda yanğın və partlayışların doğurduğu ictimai narahatlıq
28 Noyabr 23:50 SosialSon günlər Bakıda ardıcıl şəkildə qeydə alınan yanğın və partlayışlar sakinlər arasında ciddi narahatlıq yaradıb. Qısa zaman ərzində müxtəlif ünvanlarda qeydə alınan bu hadisələr təhlükəsizlik mexanizmlərinin effektivliyinə dair sualları artırıb. İnsanlar düşünməyə başlayırlar-mənzilimiz, yaşadığımız bina, işlədiyimiz ofis nə dərəcədə təhlükəsizdir? Ən sadə ehtiyat tədbirlərinə əməl edirikmi? Yoxsa məişətdə buraxılan kiçik bir diqqətsizlik böyük fəsada səbəb ola bilər? Düşünürəm ki, mövcud vəziyyətə emosional yox, daha çox analitik yanaşmaq lazımdır. Hər bir hadisənin arxasında müxtəlif amillər dayanır- bəzən məişət səhlənkarlığı, bəzən texniki nasazlıqlar, bəzən də təsadüfi faktorlar. Hazırda bu ardıcıllığın səbəbləri geniş şəkildə araşdırılır və qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, təhlükəsizlik mədəniyyəti təkcə qaydaların mövcudluğu ilə yox, həm də insanların onları necə tətbiq etməsi və gündəlik həyatına gətirməsi ilə formalaşır. Mütəxəssislər vurğulayırlar ki, təhlükəsizlik yalnız texniki sistemlərin mövcudluğu ilə məhdudlaşmır. İnsanların gündəlik həyatına təhlükəsizlik qaydalarını gətirməsi, onların tətbiqinə diqqət yetirməsi bərabər əhəmiyyət kəsb edir. Kiçik, sadə addımlar -məsələn, elektrik cihazlarının istifadəsinə diqqət, mətbəxdə yanğına qarşı tədbirlər, binada təcili çıxış yollarının əlçatanlığı potensial riskləri azalda bilər.
Son günlər baş verən hadisələr bir daha göstərdi ki, yanğın təhlükəsizliyi təkcə texniki qaydalardan ibarət deyil, bu, həm də gündəlik davranışlarımızla formalaşan bir mədəniyyətdir. Cəmiyyətdə yaranan suallar isə tamamilə təbiidir: bu ardıcıllığın səbəbləri nədir, hansı amillər yanğın riskini artırır və ən əsası, qarşısını necə almaq mümkündür? Mövzu həm geniş, həm də həssas olduğundan, məsələyə mütəxəssis baxışını gətirmək vacibdir. Elə buna görə də yaranmış vəziyyəti daha dolğun anlamaq üçün təhlükəsizlik üzrə ekspertə müraciət etdik və bir sıra təqdim etdiyimiz suallara onun münasibətini öyrəndik. Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Olaylar.az-a açıqlama verib:

"Yanğınların baş verməsində əsas səbəb yanğın təhlükəsizliyi qaydalarının pozulmasıdır. Təbii ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması deyəndə həm insan faktorundan söhbət gedir, həm də yanma riski, yanma qabiliyyəti yüksək olan, yanğının əmələ gəlməsində iştirak edən, yəni yanğını meydana gətirən amillərlə bağlı normativ standartlara uyğun davranılmaması nəzərdə tutulur. Burada yanğın təhlükəsizliyinə dair olan davranışdan gedir söhbət. Yanğın riski daşıyan mal-materialın yanğın təhlükəsizliyi qaydalarına uyğun saxlanılmaması, istifadəsi və ya saxlanması zamanı təhlükəsizlik normativinin pozulması yanğınların əmələ gəlməsinə səbəb olur. Yanğınlar nədən əmələ gəlir? Yanğın əmələ gəlməsi üçün üç element eyni anda aktif olmalıdır: yanar material, istilik və oksigen. Oksigen məlum məsələdir. Yanar material demək olar ki, ətrafımızda gördüyümüz hər bir şey ola bilər: parça, karton, taxta, plastik, rezin, elektrik naqilləri, kabellər və s. Yəni ətrafımızda gördüyümüz demək olar ki, hər bir şeyin müəyyən yanma qabiliyyəti var. Təbii ki, riski yüksək olan da var, nisbətən aşağı olan da. İstilik əmələ gələrsə, oksigen də varsa, yanar material da varsa, yanğın baş verir. Yanğınların söndürülməsi zamanı da eyni qeyd etdiyim üç elementdən birini aradan götürəndə yanğın sönür. Məsələn, oksigeni boğma üsulu ilə aradan götürdükdə yanğın dərhal sönür. Və ya yanar materialı yanğının içərisindən götürüb kənara atanda yanğın sönür. Yəni bu elementlərin biri olmadıqda yanğın davam etmir.
Elektrik kabelləri. Əgər normadan artıq yüklənərsə, qızma, qısaqapanma baş verə bilər və alışma yanğına gətirib çıxarır. Ona görə elektrik təsərrüfatına dair olan tələblər var və bu təsərrüfat mütləq saz vəziyyətdə olmalıdır. Normadan artıq yüklənməməsinə diqqət etmək lazımdır. Zədələnməməsi, izolyasiyasının pozulmaması, müqavimət davamlılığı təmin edilməlidir. Əks halda qızma və qısaqapanma yanğına səbəb ola bilər. Burada insanların münasibəti, yanğın təhlükəsizliyi normativlərinin pozulmaması yanğınların qarşısının alınması üçün əsas şərtlərdəndir.
Binalarda yanğın təhlükəsizliyinin təmin olunmasında ən böyük çatışmazlıq ondan ibarətdir ki, binanı idarə edən şəxslər tərəfindən yanğın təhlükəsizliyi məsələsinə lazımi diqqət yetirilməlidir. Bu ən vacib məsələlərdən biridir, çünki söhbət insanların həyat və sağlamlığından gedir. Ona görə yanğın təhlükəsizliyinə dair avadanlıqların saz vəziyyətdə olması, insanların bu barədə müəyyən bilik və bacarıqlara malik olması vacibdir. Binalarda ehtiyat su çəni, yanğın hidrantları, yanğın dolabları, yanğın xəbərdaredici siqnalizasiya vasitələri, təxliyyə yolları, təhlükəsiz toplanış yerləri və ilkin od söndürmə vasitələri mütləq olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Bu avadanlıqların saz vəziyyətdə olması yanğın baş verən anda onun qarşısının alınmasına, insanların təhlükəsiz təxliyəsinə və yanğının qısa zamanda söndürülməsinə kömək edir. Amma su yoxdursa necə olacaq? Su var, amma hidrant xarabdırsa, nasosxana işləmirsə, ilkin od söndürmə vasitəsi yoxdursa, ya da təxliyyə yolu bağlıdırsa, bunlar böyük problemlər yaradır. Ona görə bu avadanlıqlara texniki xidmət yalnız ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir.
Qeyd edərdim ki, hər bir çoxmənzilli yaşayış binasında ildə bir dəfə və ya bir neçə dəfə praktik təlimlər keçirilməsi çox faydalı olar. İnsanlar bilməlidir ki, yanğın baş verdikdə nə etsin, necə davransın. Məsələn, 15 mərtəbəli binada yanğın 5-ci mərtəbədədirsə, 15-ci mərtəbədə yaşayan aşağı düşməlidir, yoxsa yuxarı qalmalıdır -bu kimi davranışlar öncədən öyrədilməlidir. Təxliyyə yolları haradadır, kimə necə xəbər vermək olar bütün bunlar vacibdir. Qonşuda yaşlı və ya səhhətində problem olan biri varsa, ona necə kömək etməli, necə məlumat verməlidir insanlar bunları bilməlidir. Amma etiraf edək ki, belə təlimlər təşkil edilsə, çox az adam iştirak edər. Lakin hadisə baş verəndə keçilmiş bu praktiki təcrübə insana böyük kömək edəcək. Elementar təhlükəsizlik qaydaları var: yanğın olarsa, tüstüdən qorunmaq üçün yaş dəsmalı nəfəs yollarına tutmaq, liftdən istifadə etməmək, çünki liftdə qalmaq daha böyük təhlükə yaradır və tüstünün təsiri daha çox ola bilər.
Tüstü detektorları - yanğına qarşı siqnalizasiya sistemləri yanğın təhlükəsizliyinin ən vacib elementlərindəndir. Tüstü, istilik və alovlanma baş verdikdə detektorlar siqnal verir və mərkəzi pultda məlumat yaranır. Təsəvvür edin, binada tüstü detektorları işlək vəziyyətdədir, mühafizə xidməti var və 15 mərtəbəli binanın 6-cı mərtəbəsində yanğın baş verib. Siqnalizasiya dərhal mərtəbəni və sahəni göstərir. Bu anda mühafizə xidməti ilkin od söndürmə tədbirlərindən tutmuş insanların təxliyyəsinə, FHN-ə məlumat verilməsinə qədər kompleks tədbirlər görür. Amma siqnalizasiya işləmirsə, yanğından xəbər tutmaq çox çətin olacaq. Ona görə yanğın siqnalizasiya sistemləri və tüstü detektorları mütləq saz vəziyyətdə saxlanılmalıdır. Hətta avtomatik yanğınsöndürmə sistemləri də var ki, siqnalizasiya işə düşən kimi insan müdaxiləsi olmadan yanğının mənbəyinə xüsusi kimyəvi məhlul püskürdür və yanğını söndürür. Bu sistemlər riskli yerlərdə çox effektlidir.
Son günlər Bakıda baş verən ardıcıl yanğın və partlayışlar göstərdi ki, təhlükəsizlik təkcə texniki avadanlıqlarla məhdudlaşmır. Hər birimizin gündəlik davranışı, qaydalara əməl etməsi və kiçik, amma əhəmiyyətli tədbirləri görməsi insanların və əmlakın təhlükəsizliyini təmin etməkdə əsas rol oynayır. Ekspert Elmar Nurəliyevin də vurğuladığı kimi, yanğın riskinin qarşısını almaq həm normativ standartlara əməl etməyi, həm də praktik təlim və hazırlığı tələb edir. Təhlükəsizlik mədəniyyəti yalnız avadanlıqların mövcudluğu ilə ölçülmür, o, insanların şüurlu davranışlarında, diqqətində və hazır olmasında formalaşır. Bu hadisələr hər birimizi diqqətli olmağa, yaşadığımız mühiti daha yaxşı tanımağa və potensial riskləri azaltmaq üçün kiçik, lakin davamlı addımlar atmağa çağırır. Nəticədə, təhlükəsizlik yalnız texniki tədbirlər deyil, həm də bizim gündəlik həyatımızda formalaşan məsuliyyət və mədəniyyətdir.
Zeynəb Mustafazadə