2023-2025-ci illər ərzində 650.000-dən çox hemodializ seansı icra olunub
10:17 SosialTƏBİB-in əsas prioritetləri tabeliyində olan dövlət tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmət növlərinin artırılması, keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərə əlçatanlığın təmin edilməsidir. TƏBİB-dən "Olaylar"a bildirilib ki, bu istiqamətdə atılan addımlardan biri də xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxslərə keyfiyyətli və təkmil tibbi xidmətin təşkili ilə bağlıdır. Bu məqsədlə TƏBİB tərəfindən 2023-cü ildə "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiya" yaradılmışdır. Komissiya yarandığı gündən etibarən, bu sahədə fəaliyyətin düzgün koordinasiya edilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və müasir dövrün tələbinə uyğun dializ xidmətinin verilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Hazırda komissiya hər həftənin ikinci günü TƏBİB tərəfindən müəyyən olunmuş tibb müəssisəsi - Kliniki Tibbi Mərkəzdə təşkil olunur.
Hemodializə ehtiyacı yaranan xəstələr, müvafiq həkim rəyləri əsasında, laborator və instrumental müayinə nəticələri ilə birlikdə Komissiyaya müraciət hüququ qazanır. Komissiya müraciətləri təhlil edərək, hemodializ proseduru təyin olunan xəstələrə, həmin dövr üçün yeni xəstə qəbul edə bilmək imkanı olan mərkəzlər arasından, xəstənin yaşayış ünvanına ən yaxın yerləşən hemodializ şöbələri ilkin seçim olaraq təklif olunur.
Qeyd edək ki, 2023-2025-ci illər ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlar Komissiya tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tibb müəssisələrinə yönləndirilmiş və həmin dövr üzrə "Dövlət Proqramı" çərçivəsində təqribən 650.000-dən çox hemodializ seansı icra olunub.
Hazırda ölkə üzrə 4200-ə yaxın pasiyent dializ (hemodializ və peritoneal dializ) xidməti ilə təmin olunur.
"Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiya" nın əsas funksiyalarından biri də ölkə üzrə mövcud Hemodializ şöbələrinin fəaliyyətinə nəzarəti həyata keçirməkdir. Belə ki, bu şöbələrdə mütəmadi olaraq auditlər keçirilir, Dövlət Proqramı əsasında verilən tibbi sərfiyyat və dərman vasitələrinin səmərəli, düzgün, klinik müayinə nəticələrinə əsaslanaraq istifadə olunması üçün Hemodializ şöbələrinin qarşısında tələblər qoyulur.
Əlavə olaraq yeni hemodializ cihazlarının alınması, istehlak müddətini başa vurmuş cihazların yenisi ilə əvəzlənməsi, təmirə yararlı cihazların təmiri prosesi mütəmadi olaraq həyata keçirilir.