Virtual mühitdə məsuliyyət artır: İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nələri nəzərdə tutur?
18:40 SosialNoyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və "İnformasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklər son illər ölkə ictimaiyyətində geniş müzakirə olunan, cəmiyyətin mənəvi mühitinə və sosial platformalardakı davranış normalarına dair narahatlıqların daha sistemli şəkildə tənzimlənməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Dəyişikliyə əsasən internetdə cəmiyyətə açıq hörmətsizlik formalaşdıran hərəkətlər (qeyri-etik ifadələr, jarqon, qeyri-mənəvi jestlər və bədən hissələrinin nümayişi) 500 manatdan 1000 manatadək cərimə və ya 30 günədək inzibati həbslə cəzalandırılacaq. Təkrar pozuntu zamanı cəzalar daha da sərtləşdiriləcək.
İnternet resursları vasitəsilə fahişəliklə məşğul olmağa çağırış edən paylaşımlar və ya bu fəaliyyətlə bağlı sövdələşmənin kütləvi nümayişi üçün 500 manat cərimə tətbiqi təklif olunur.
Rəqəmsal dövrün gətirdiyi sərhədsiz informasiya axını, xüsusilə gənclər arasında sosial şəbəkələrdən geniş istifadə, virtual mühitdə davranış qaydalarının nəzarətsiz şəkildə formalaşması və bunun fəsadları müasir dövrün ən mühüm çağırışlarından biri olaraq ortadadır. İnternet resurslarında yayılan qeyri-etik, aqressiv və cəmiyyətin dəyərlərinə zidd olan məzmunlar son illər yalnız sosial narahatlıq yaratmaqla qalmayıb, həm də real həyatda davranış modellərinə təsir göstərən təhlükəli bir trendə çevrilib.
Bu fonda təqdim olunan qanun layihəsi həm sosial şəbəkə istifadəçiləri, həm media subyektləri, həm də informasiya platformalarının məsuliyyət dairəsini daha dəqiq müəyyən etməyə yönəlib. Xüsusilə cəmiyyətə açıq hörmətsizlik yaradan ifadələr, jarqonlar, qeyri-mənəvi jestlər və bədən hissələrinin nümayişi kimi halların inzibati müstəvidə cəzalandırılması haqqında təkliflər, internet mühitində etik davranış qaydalarının formalaşdırılmasına dövlət səviyyəsində olan ehtiyacı bir daha gündəmə gətirir. Qanun layihəsində yer alan 500 manatdan 1000 manatadək cərimələr və 30 günədək inzibati həbs mexanizmi, həm profilaktik təsir yaratmağı, həm də sosial şəbəkə məzmunlarına nəzarətin artırılmasını hədəfləyir. Təkrar pozuntu hallarına daha sərt sanksiyaların tətbiqi isə bu istiqamətdə ardıcıl və davamlı mübarizə niyyətini göstərir.
Eyni zamanda internet vasitəsilə fahişəliyə çağırış edən paylaşımlara görə cərimələrin nəzərdə tutulması rəqəmsal mühitdə insan alveri, əxlaq pozuntusu və kriminal əlaqələrin yayılmasına qarşı daha institutlaşmış mübarizənin bir hissəsi kimi qiymətləndirilə bilər. Bu kimi məzmunların kütləvi şəkildə nümayişi, xüsusilə gənclərin psixoloji inkişafına və sosial-mənəvi dəyərlərin qorunmasına ciddi təhlükə yaradır. Bu baxımdan qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər internet məkanının tənzimlənməsi, etik çərçivələrin müəyyənləşdirilməsi və cəmiyyətin daha sağlam informasiya mühiti ilə təmin olunması məqsədini daşıyır.
Beləliklə, təklif olunan dəyişikliklər yalnız cəza tədbirləri deyil, həm də rəqəmsal mədəniyyətin formalaşdırılması istiqamətində preventiv və tənzimləyici yanaşma kimi ortaya çıxır. Bu mövzu həm ictimai debatın genişlənməsi, həm gənclərin təhlükələrdən qorunması, həm də informasiya resurslarının daha məsuliyyətli davranmağa təşviqi baxımından aktual olaraq qalır.

Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Olaylar.az-a danışıb:
"Bu qanun layihəsini yüksək qiymətləndirirəm, əslində, onun qəbul edilməsi cəmiyyətimizin tələbi idi. Uzun müddətdir görürük ki, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə zidd, qeyri-etik paylaşımlar edən və eyni zamanda fahişəliyi təbliğ edən şəxslər fəaliyyət göstərir, onlara qarşı rəsmi qurumlar tərəfindən mütəmadi tədbirlər görülürdü. Lakin məhz bu qanun layihəsi bundan sonra kiminsə bilərəkdən və ya bilməyərək qanun pozmasına yol verəcəksə, həmin halları konkret müddəalarla qadağan edəcək".
Ekspert qeyd edib ki, bu, çox mütərəqqi addımdır və bu addım Azərbaycanın sosial şəbəkə mühitində milli-mənəvi dəyərlərin qorunmasına və qeyri-etik paylaşımların qarşısının alınmasına gətirib çıxaracaq. İnsanlar sosial şəbəkələrdə daha məsuliyyətli olacaq, yazdıqları hər şərhə və paylaşımına daha diqqətlə yanaşacaqlar. Çünki biz tez-tez şahid oluruq ki, xüsusən TikTok-da bu tip paylaşımlara yol verilir və həmin şəxslərin müəyyən edilməsində bəzi boşluqlar olur, profillərini tapmaq çətinləşir və ya şikayət olunmadıqda onlar qanun qarşısında cavab vermirlər.
"Bundan sonra dövlət qurumlarının da bu məsələyə daha həssas yanaşacağına inanıram və belə paylaşımlar edən şəxslərə qarşı ciddi tədbirlər görüləcək. Eyni zamanda fahişəliyin təbliği hallarına, xüsusən TikTok-da çox vaxt rast gəlirik, bəzi xanımlar orada özlərini açıq-alver xidmətinə çevirirlər. Gələcəkdə belə şəxslər qanun qarşısında cavab verəcək və mən istərdim ki, qanun çərçivəsində məsuliyyətə cəlb olunan şəxslər barədə məlumat ictimaiyyətə açıqlansın. Bu, cəmiyyətin maarifləndirilməsinə və oxşar halların azalmasına kömək edər. Xüsusilə kütləvi nümayiş üçün belə halların son dövrlər artması narahatedici haldır. Bəziləri müxtəlif adlar altında özlərini satışa çıxarırlar. Bu qanun layihəsinin qəbul edilməsi Azərbaycan sosial şəbəkələrinin şəffaflaşmasına və təmizlənməsinə xidmət edəcək. Eyni zamanda maarifləndirmə işləri də paralel aparılmalıdır ki, insanlar qanun layihəsindən xəbərdar olsunlar və gələcəkdə bu cür paylaşımlardan çəkinsinlər, həmçinin bu kimi hallara qarşı öz mövqelərini ortaya qoysunlar," - deyə müsahibim fikirlərinə əlavə edib.
Bu qanunun tətbiqi zamanı texniki və inzibati çətinliklər yarana bilərmi?
Əlbəttə, müəyyən praktiki çətinliklərin olma ehtimalı mövcuddur. Çünki real vəziyyət göstərir ki, bəzən qeyri-etik paylaşım edən şəxslər Azərbaycan hüdudlarından kənarda, müxtəlif xarici ölkələrdə yaşayırlar. Xaricdə yaşayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi mexanizmi bəzi hallarda çətinləşir və əlavə prosedurlar tələb edir. Lakin bu, o demək deyil ki, xaricdə yaşayanlar qanundan kənarda qala və istədiklərini heç bir məsuliyyət olmadan yaza bilərlər. Əgər konkret şikayətlər olarsa, əminəm ki, müvafiq dövlət qurumları həmin şəxslərin kimliyini müəyyənləşdirə biləcək. Çünki artıq qiyabi qərar qəbul etmək, qiyabi məsuliyyət tədbirləri görmək üçün hüquqi mexanizmlər mövcuddur və Azərbaycan təcrübəsində bu cür halların tətbiqinin şahidi olmuşuq. Yəni kimlərsə düşünürsə ki, "mən xaricdəyəm, heç kim mənə çata bilməz", bu tamamilə yanlış yanaşmadır.
Eyni zamanda, "feyk profil" altında fəaliyyət göstərən şəxslərin tapılması ilə bağlı da müasir texniki imkanlar mövcuddur. Xüsusən TikTok sosial şəbəkəsində qeydiyyat telefon nömrəsi vasitəsilə aparıldığından, profil sahibinin müəyyənləşdirilməsi elə də çətin proses deyil. Buna görə də heç kim elə düşünməsin ki, gizli ad altında insanları təhqir edə bilər, milli-mənəvi dəyərlərimizi aşağılaya bilər və bundan da yayınaraq məsuliyyətdən qurtula bilər. Hər bir şəxs qanun qarşısında cavab verəcək və kimliyinin müəyyənləşdirilməsi üçün zəruri prosedurlar mövcuddur.
"Hökumətin sosial şəbəkə məzmununu monitorinq etməsi məsələsinə gəlincə, bu da sıradan bir addım deyil, qanunun icrası üçün vacib prosedurdur. Monitorinq o məqsədlə aparılır ki, qanunun tələblərini pozan şəxslər vaxtında aşkarlansın və müvafiq tədbirlər görülsün. Bu, əlavə olaraq sosial şəbəkə mühitində məsuliyyət hissini artıracaq və insanların paylaşım edərkən daha düşünülmüş davranmasına səbəb olacaq.
Çünki hazırda kütləvi olmasa da, bəzi şəxslərin milli-mənəvi dəyərlərə zidd materiallar paylaşdıqlarının şahidi oluruq. Bu hallar bəzən geniş auditoriyaya yayılır və cəmiyyətdə narazılıq yaradır. Yeni qanunun tətbiqi ilə belə şəxslərin yaxın zamanlarda qanun qarşısında cavab verəcəyi gözlənilir. Növbəti mərhələlərdə isə biz bu kimi davranışların Azərbaycan sosial media seqmentində ciddi şəkildə azalmasını müşahidə edəcəyik," - deyə ekspert vurğulayıb.
Media mütəxəssisinin sözlərinə görə, bəzi texniki və inzibati çətinliklər ola bilər, lakin bu çətinliklərin öhdəsindən gəlmək üçün həm hüquqi, həm də texnoloji imkanlar artıq mövcuddur. Əsas məsələ qanunun tətbiqinin ardıcıl və prinsipial şəkildə həyata keçirilməsidir. Bu baş verərsə, sosial şəbəkə mühiti daha sağlam, daha məsuliyyətli və milli dəyərlərə daha uyğun bir formaya çevriləcək.
Sevda Dəniz