"Türk Dövlətlərinin QHT Platforması: “Beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyətə şərait yaradacaq”- ÖZƏL
13:33 SosialDünən Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis edib. Qurumun daimi qərargahı Bakıda yerləşəcək.
QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlamasında deyib ki, yaradılan yeni qurum Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun tarixi nəticəsidir: "Bu, Azərbaycan vətəndaş cəmiyyətinin uğurudur. Bu qurumun təsis edilməsi son 5 ildə türk dünyası QHT-lərinin inteqrasiyası istiqamətində olduqca uğurlu layihələr həyata keçirmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin apardığı məqsədyönlü işlərin məntiqi nəticəsdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması sıradan bir qurum deyil, vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu platforma türk dünyası QHT-lərinin beynəlxalq təşkilatlarda birgə, koordinasiyalı fəaliyyətinə şərait yaradacaq. Türk dünyası QHT-lərinin vahid platformada birləşməsi ümumi işimizə böyük fayda verəcək, qoyulan məqsədlərə çatmağa yardımçı olacaq".
