Azər Həsrətdən köhnə/yeni kitab

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, siyasi şərhçi Azər Həsrətin yeni kitabı işıq üzü görüb.

Olaylar.az xəbər verir ki, ictimai-siyasi ədəbiyyat janrında olan kitab "1996: Moskva göz yaşlarına inandırır..." adlanır.

Müəllif bildirib ki, kitab yeni çıxsa da bundan düz 29 il öncə yazılıb. Əsərdə o dövrün fəal gənclərinin birgə fəaliyyətinə geniş yer verilib.

"1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alarkən ictimai fəallığımdan da qalmırdım. Həmin dövr Azərbaycan tarixinin ən gərgin illəri idi. Bir tərəfdən də Rusiyada Azərbaycanlılara qarşı ayrıseçkilik dövlət siyasəti səviyyəsinə yüksəlmişdi. Bu yanaşma özünü 1996-cı ildə daha qabarıq göstərməyə başladı. Az qala hər həftə Rusiyadan Bakıya Azərbaycanlıların meyitləri göndərilirdi. Ruslar bizimkiləri heç nəyin üstündə öldürürdülər. Belə bir şəraitdə biz də Bakıda biganə qala bilməzdik. Nəticə olaraq həmin ilin yayında bir qrup gənc fəalla birlikdə Rusiyada Yaşayan Azərbaycanlıların Hüquqlarını Müdafiə Komitəsi qurduq. Ortaq qərarla mən həmin Komitəyə sədr seçildim və düz 58 gün qurumun işini idarə etdim", - deyə Azər Həsrət bildirib.

O, daha sonra qeyd edib ki, Komitəyə rəhbərlik etdiyi hər günü kitablaşdırıb: "Beləliklə, Komitə fəaliyyətini dayandıranda artıq 120 səhifəlik bir əlyazma hazır idi. Hər addımımızı qələmə almışdım. Lakin sonradan başım qarışdı, əlyazma kitabxanamda gözdən uzaq düşdü və mən də onu, açığı, unutdum. Düz 2022-ci ildə Dədəlidəki ata evimizdə yanğın olandan sonra kitabların arasından həmin o yanmayan əlyazmanı da tapdım. Dərhal da kitabı nəşr etdirmək keçdi ağlımdan".

Amma bu dəfə də kitabın nəşri gecikdirilib. Müəllif yalnız 2025-ci ilin yayında - Rusiyada Azərbaycanlılara qarşı yeni basqı dalğası başlayanda artıq bu kitabı mütləq dərc etdirmək qərarına gəlib. Beləcə "1996: Moskva göz yaşlarına inandırır..." adlı kitab 2025-ci il noyabrın 25-də "Avrasiya PRESS" nəşriyyatı tərəfindən "İmza" nəşrlər evinin mətbəəsində nəşr edilib. 128 səhifəlik kitab 250 nüsxəlik tirajla oxuculara hədiyyə ediləcək. Kitab satışa verilməyəcək.

Kitabda Azər Həsrətin vacib bir qeydi də yer alıb: "Bu əsər heç də yazarın siyasi nöqteyi-nəzəri kimi anlaşılmamalıdır".

Müəllif kitabını kimlərə həsr etdiyini də ayrıca vurğulayıb: "Bu kitabı qanlı rus imperiyasına qarşı mübarizə aparmış və aparmaqda olan hər kəsə həsr edirəm. Bu dava müqəddəsdir, son və qəti qələbəyədək davam edəcəkdir! Qansa qan, cansa can! Dünya türklərinin hamısı əsarət və istibdaddan qurtulmadıqca bizə rahatlıq yoxdur!"

Onu da əlavə edək ki, kitabın girişində müəllifin ingilis və rus dillərində özətinə də yer verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31