Xəzərlə bağlı daha bir proqnoz – 30 il sonra yenilik ola bilər

Xəzər dənizi son aylarda qeyri-adi proqnozların, təzadlı açıqlamaların, iddiaların mərkəzinə çevrilib. Bir tərəfdən "Xəzər iki gölə bölünəcək" kimi fikirlər səslənir, digər tərəfdən "dəniz tamamilə çəkiləcək", "sahil xətti dəyişəcək", "Xəzər ekoloji fəlakətə doğru gedir" tipli xəbərdarlıqlar gündəmdən düşmür. 

Bu iddialar həqiqi elmi proseslərin nəticəsidir, yoxsa sadəcə şişirdilmiş qorxuların məhsulu?

Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bu cür açıqlamaların diqqət çəkmək üçün verildiyini deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin azalması gözlənilən prosesdir:

"Suyun səviyyəsinin azalması 1995-ci ildən bu günə qədər davam edir. Bu proses fonunda dənizin böyük əraziləri quruyub. Görünən odur ki, enmə tendensiyası gələcəkdə də müşahidə oluna bilər. Azərbaycan milli adaptasiya planlaşdırılması çərçivəsində kifayət qədər konkret və effektiv cavab tədbirləri hazırlayıb. Bunlar Xəzərin səviyyəsinin azalması nəticəsində yarana biləcək mənfi təsirlərin mümkün qədər azaldılması məqsədi daşıyır. Qeyd edim ki, dənizin iki hissəyə bölünməsi ilə bağlı fikirlər yeni deyil, bu məsələ 1950-ci və 1970-ci illərdə də müzakirə olunub".

Xəzərlə bağlı daha bir proqnoz - 30 il sonra yenilik ola bilər

Rövşən Abbasov

Mütəxəssisin fikrincə, müəyyən müddətdən sonra Xəzərin səviyyəsində yeni bir tarazlaşmanın yaranması və hətta suyun artıması mümkündür:

"Düşünmürəm ki, Xəzərdə səviyyə dəyişikliklərinə səbəb ola biləcək miqyasda tektonik hərəkətlər mövcuddur. Əgər belə proseslər olsaydı, onlar alət müşahidələri ilə dəfələrlə təsdiqlənərdi, lakin bu baş verməyib. Əlbəttə, məsələnin mediada şişirdilməsi halları çoxdur. Xəzərin səviyyəsinin enməsi Azərbaycanın bəzi təsərrüfat sektorlarına, xüsusən balıqçılıq və gəmiçiliyə mənfi təsir göstərə, eyni zamanda, dənizin flora və faunasında ciddi dəyişikliklər yarada bilər. Amma dediyim kimi, mümkün neqativ nəticələrə uyğunlaşmağa imkan verən spesifik tədbirlər mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31