Azərbaycanda ailələrə yeni qadağa gəlir? – Açıqlama

Son dövrlər yaşanan ardıcıl faciələr ailələrin təhlükəsizliyi ilə bağlı narahatlığı yenidən artırıb. Hindistanda bir ailənin təyyarə qəzasında tam şəkildə həlak olması, İstanbulda isə Böcək ailəsinin eyni vaxtda zəhərlənərək ölməsi bu risklərin nə qədər real olduğunu göstərir. Tarixdə də bu cür qorxular mövcud olub. Məsələn, Osmanlıda şahzadələrin bir yerdə səfər etməsi qadağan edilirdi. Mütəxəssislər bildirirlər ki, bu prinsipin müasir forması kimi ailə üzvlərinin eyni nəqliyyat vasitəsindən və ya eyni qidadan eyni anda istifadə etməməsi nəzərdən keçirilə bilər. 

Ailənin bütün üzvlərini riskə atmamaq üçün səfərlərə tam heyətlə çıxmamaq kimi bir qayda gətirmək olarmı? Dövlət rəsmiləri və sadə vətəndaşlara belə qaydaların tətbiqi nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, ailə üzvləri ilə birlikdə səyahət etmək və ya birgə yemək adi, tamamilə normal bir həyat hadisəsidir:

"Milyonlarla insan bunu hər gün edir. Təəssüf ki, bəzən istisna hallara - təyyarə qəzası, zəhərlənmə və ya digər xoşagəlməz situasiyalara rast gəlirik. Bunlar çox nadir yaşanan hadisələrdir. Hər bir şirkət göstərdiyi xidmətin təhlükəsiz və qəzasız olmasına çalışır. İnsanlara qadağa qoymaq doğru deyil. Hər kəs harada qalacağına, harada yemək yeyəcəyinə, necə səyahət edəcəyinə özü qərar verir. Turizm şirkətlərinin və digər xidmət göstərən müəssisələrin borcu isə təhlükəsizliyi maksimum təmin etməkdir. Onlar üçün də belə olaylar arzuolunmazdır və buna görə sığorta mexanizmlərindən istifadə edirlər. Lakin istənilən halda bəzən neqativ hallar baş verə bilər".

Ekspert qeyd edib ki, bu məsələlərə daha pozitiv və realist yanaşmaq lazımdır:

"Turizm çox həssas sahədir, hər hansı bir hadisə baş verdikdə dərhal səyahət axınında azalma müşahidə olunur. Pandemiya dövründə də ən çox zərər çəkən sahələrdən biri məhz turizm idi, çünki insanlar risk gördükləri an səyahətlərini dayandırmağa üstünlük verirlər. Dövlətin insanların birlikdə yemək yeməsi, birgə uçması və ya eyni vaxtda səyahət etməsi ilə bağlı hər hansı məcburi qayda tətbiq etməsi doğru olmazdı. Bu, şəxsi həyat və azadlıq hüququna müdaxilə deməkdir, hüquqi əsas tapmaq çətindir və ictimaiyyətdə mənfi qarşılana bilər. Lakin yüksək vəzifəli şəxslərin ailə üzvlərinin eyni təyyarədə getməməsi bir çox ölkələrdə yazılmamış qaydadır. Sadəcə olaraq, insanlar daha peşəkar xidmət göstərən, nüfuzlu restoranlara, otellərə, turizm şirkətlərinə və hava yollarına üstünlük verdikdə həm təhlükəsizlik, həm də rahatlıq baxımından daha güvənli seçim etmiş olurlar".

Ləman İmran

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31