Uşağını dənizə atan qadının keçmiş əri cinayətin detallarını açdı – Dəhşətli təfərrüat

Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin bəzi təfərrüatı məlum olub.

"Teleqraf"ın əldə etdiyi məlumata görə, hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb.

Onların birgə nikahdan üç övladı olub. Böyüyünün 25 yaşı var.

Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib.

Onun keçmiş əri Həmid Eyvazov "Teleqraf"a açıqlamasında bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur, bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib.

Keçmiş ərinin bu təklifindən sonra P.Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıqları evin arxasına dənizə atıb.

H.Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib: "Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3 min manata TikTok-dan tapdığı adama satıb, amma həmin adama zəng çatmır. Dedim polisə bildir ki, uşağımı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib. 10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb. Ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm, niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili elədin?!".

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31