Yeni Zelandiyada vəhşi pişiklər tamamilə məhv ediləcək

Yeni Zelandiya 2050-ci ilə qədər vəhşi pişikləri tamamilə məhv etməyi qərara alıb və bu heyvanları ölkənin qurtulmalı olduğu yırtıcılar siyahısına daxil edib.

Oxu.Az "The Guardian"a istinadla xəbər verir ki, bunu ölkənin təbiəti mühafizə naziri Tama Potaka bəyan edib.

Dövlət vəhşi pişikləri "Yırtıcısız 2050" (Predator-Free 2050) proqramına daxil edib. Pişiklər 2016-cı ildə bu strategiya qəbul edildikdən sonra siyahıya əlavə edilən ilk yırtıcı növdür. Həmin vaxt siyahıda siçanlar, ağquyruq dələlər, gəlinciklər, oxlu kirpilər və oposumlar olmaqla beş əsas yırtıcı növü yer alırdı.

Vəhşi pişiklər artıq bəzi bölgələrdə məhv edilir, lakin indi onların kökünü tam kəsmək üçün daha genişmiqyaslı proqramlar işə salınır.

Hazırda ölkədə 2.5 milyondan çox vəhşi pişik mövcuddur. Bildirilir ki, onlar Rakuira Stüart adasında punku quşunu və Ruapehu dağında yarasalar kimi nadir heyvan növlərini məhv etməklə yerli faunaya ciddi ziyan vururlar. Potaka bildirib ki, biomüxtəlifliyi qorumaq üçün pişikləri oxlu kirpilər və siçanlar kimi digər zərərverici növlərlə birlikdə məhv etmək vacibdir.

Vəhşi pişiklər Avropalılar tərəfindən Yeni Zelandiyaya gətirilmiş ev pişiklərinin vəhşiləşmiş nəslidir.

Yeni Zelandiyanın "Predator-Free 2050" dövlət proqramı dünyada təbiəti mühafizə sahəsində ən genişmiqyaslı təşəbbüslərdən biridir. Proqramın məqsədi 2050-ci ilə qədər ölkəni ora gətirilmiş bütün vəhşi yırtıcılardan tam təmizləməkdir.

Bu tədbirlər niyə vacibdir?

Avropalılar gələnə qədər təcrid olunmuş şəkildə yaşayan Yeni Zelandiyada məməli yırtıcılar mövcud olmayıb. Milyonlarla il davam edən təkamül prosesi nəticəsində yerli quşlar və heyvanlar yırtıcısız mühitə uyğunlaşıb və buna görə də son dərəcə həssasdırlar. Avropalıların gətirdikləri yırtıcı növlər isə yerli quşların və digər heyvanların kütləvi şəkildə məhv olmasına səbəb olub.

Məsələn, vəhşi pişiklər hər il təxminən 1.12 milyon quşu öldürür ki, bu da bir çox növlərin yox olmasına gətirib çıxarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31