Təhsildə ingilis dili ilə bağlı miqyas problemimiz yoxdur - Nazir müavini
15:31 SosialTəhsildə ingilis dili ilə bağlı miqyas problemimiz yoxdur. Keyfiyyətlə bağlı müəyyən problemlər olsa da, lakin hesab edirik ki, gələcək dövrlərdə bu yöndə tədbirlərimizi daha da gücləndirəcəyik.
Olaylar.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün bp və tərəfdaşlarının "Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi" layihəsinin təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, son iki ildə Elm və Təhsil Nazirliyi təxminən 10 400 xarici dil müəlliminin sertifikatlaşdırılmasını həyata keçirib: "Sevindirici haldır ki, bu müəllimlərin 86%-i çox böyük uğurla bu imtahanlardan keçiblər. Təqribən 40% müəllimin əməkhaqqısı 35% artıb, 45% müəllimin əməkhaqqısı isə 10% əlavə köçürülüb".
Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycanda 22 mindən çox tələbə İngilis dilində tədris olunan ixtisaslarda təhsil alır:
"Təkcə bu ixtisaslara bu il 10 min tələbə qəbul olub. Bu çox sevindiricidir. Çünki əgər ali təhsil müəssisələrində 240-250 min tələbə təhsil alırsa, onun 15-20%-i növbəti 4 ili İngilis dilli ixtisaslar üzrə məzun olacaqlar".
"Son 3 ildə biz hər il 500 ən işıqlı gəncimizi dünyanın ən nüfuzlu universitetlərinə göndəririk. 3 il ard-arda hər il həmin gənclərdən 150-si məhz dünyanın TOP-10 universitetlərinə qəbul olur", - deyə K. Kərimzadə vurğulayıb. (Trend)