Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir
10:07 SosialBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir.
Olaylar.az xəbər verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edir. Regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.
Forum BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safinin nitqləri ilə başlayacaq. Açılış nitqlərində əsas diqqət Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi ilə bağlı tezislərə yetiriləcək.
Daha sonra "Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları", "Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri", Azərbaycan-Türkiyə əməkdaşlığında nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri" mövzularında panel sessiyalar keçiriləcək.
Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.





