Ədliyyə İşçilərinin Peşə Bayramı və Dövlət İdarəçiliyində Sabitlik

22 noyabrın ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilməsi dövlət idarəçiliyinin hüquqi nizam üzərində qurulmasının önəmini xatırladan simvolik bir gündür. Bu tarix yalnız peşə fəaliyyətinə münasibət deyil, dövlətin hüquqa söykənən idarəçilik modelinin davamlılığını təmin edən insanlara verilən obyektiv dəyərdir.
Azərbaycanın hüquqi dövlət konsepsiyası son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanıb. Dövlət başçısının idarəetməyə gətirdiyi normativ dəqiqlik, mərkəzi icra hakimiyyəti modelinin yenidən qurulması, hüquqi tənzimləmə mexanizmlərinin gücləndirilməsi və ədliyyə orqanlarının funksional modernləşdirilməsi bu sahənin yalnız struktur deyil, həm də mahiyyət etibarilə yeniləndiyini göstərir. Bu gün peşə bayramının qeyd olunması həmin yanaşmanın ictimai şəkildə tanınmasının təbii davamıdır.
Ədliyyə sahəsində çalışan hər kəsin fəaliyyəti görünən nəticədən daha çox görünməyən sabitlik yaradır. Cəmiyyət ədaləti hazır qərar kimi görsə də, onun arxasında faktların qiymətləndirilməsi, hüquqi çərçivələrin müqayisəli analizi, normanın məqsədinin aydınlaşdırılması, proseslərin ardıcıllıqla aparılması kimi çoxsaylı mərhələlər dayanır. Buna görə ədliyyə sistemi səssiz işləyən, lakin dövlət idarəçiliyinin sabitliyini müəyyən edən ən həlledici mexanizmlərdən biri kimi xarakterizə olunur.
Uzun illər ədliyyə strukturları ilə sıx əməkdaşlıq şəraitində çalışmaq bu sahənin daxili ritmini, proseslərin intizamını və hüquqi qərarın formalaşmasında hər detalın nə qədər böyük rol oynadığını aydın göstərir. Praktik fəaliyyətdə ən sadə görünən proses belə, əslində hüquqi ölçünün dəqiq tətbiqini, normanın kontekstinin düzgün müəyyənləşdirilməsini və sistem daxilində ardıcıllığın qorunmasını tələb edir. Bu da göstərir ki, ədliyyə sahəsi yalnız texniki işlərin toplusu deyil, hüquqi düşüncə mədəniyyətinin formalaşdığı kompleks idarəetmə sahəsidir.Bu idarəetməni təmin edən strukturlar - icra qurumları, məhkəmə ekspertizası sahəsi, notariat və qeydiyyat vahidləri, probasiya strukturları, Penitensiar Xidmət və digər əlaqəli istiqamətlər - bir-birindən ayrı mexanizmlər deyil. Onlar dövlətin hüquqi nizamını bütöv şəkildə işlədən, qarşılıqlı şəkildə tamamlayan elementlərdir. Hər bir vahid bu bütövlüyün içində öz funksional çəkisi ilə iştirak edir və nəticədə dövlətin hüquqi sabitliyi təmin olunur.
Hüquq tətbiqinin çətinliyi ondadır ki, ədliyyə işçisi çox zaman sosial, hüquqi və faktiki reallıqların kəsişdiyi nöqtədə qərar verməli olur. Bu qərar yalnız normanın mətninin oxunması ilə məhdudlaşmır; normanın sistemi, məqsədi və tətbiq mədəniyyəti nəzərə alınmalıdır. Məhz buna görə hüququn tətbiqi formal icra deyil, yüksək səriştə tələb edən intellektual fəaliyyət sahəsidir.
Qanunvericiliyin yenilənməsi hüquqi dövlətin yalnız başlanğıcıdır. Əsas məsələ onun tətbiqinin ardıcıllığı və real idarəçilik prosesində sabitliyinin qorunmasıdır. Bu sabitlik isə məhz ədliyyə sistemində çalışan mütəxəssislərin gündəlik və çox zaman görünməyən əməyinin nəticəsidir. Hüquqi nizam olmadan sosial nizamın, sosial nizam olmadan isə dövlət idarəçiliyinin səmərəliliyinin mümkün olmadığı məlum həqiqətdir.
Bu gün ədliyyə işçilərinin peşə bayramının qeyd olunması həmin əməyin ictimai tanınmasıdır. Ədliyyə sahəsində çalışan hər kəsin dövlətin hüquqi memarlığının formalaşmasına verdiyi töhfə qiymətlidir. Onların fəaliyyəti hüquqi dövlət konsepsiyasının praktiki işləməsini təmin edən əsas dayaqlardan biridir.

Ədliyyə sistemində çalışan bütün əməkdaşlara fəaliyyətlərinin ölkənin hüquqi nizamının möhkəmlənməsinə davamlı şəkildə xidmət etməsini arzulayıram. Bu günün mahiyyəti onların dövlət idarəçiliyində oynadıqları real rolu xatırladır və həmin rola verilən ictimai dəyəri ifadə edir.

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondunun prezidenti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31