Ramiz Rövşənlə bağlı ŞOK QƏRAR VERİLİB
16:58 SosialNoyabrın 20-də Medianews.az saytının əməkdaşları internetdə Azərbaycanın böyük şairi Ramiz Rövşənlə əlaqədar axtarış verdikləri zaman qəribə hadisə ilə üzləşiblər.
Saytın əməkdaşları Ramiz Rövşən haqqında ingilis və türk dillərində məlumatların qlobal onlayn ensiklopediya olan "Vikipediya"dan silindiyini aşkarlayıblar.
Araşdırma zamanı Ramiz Rövşən haqqında ensiklopedik məlumatların "Vikipediya"da bir neçə dildə təqdim edildiyi bəlli olub. Hazırda "Vikipediya"da Ramiz Rövşən haqda məlumata təkcə Azərbaycan dilində yox, rus, fransız, fars, erməni, gürcü, Ukrayna dillərində də rast gəlmək mümkündür. Eyni zamanda Ramiz Rövşən haqqında məlumat "Vikipediya"da azərbaycanca təkcə latın qrafikalı Azərbaycan əlifbasında deyil, əski əlifbada da yerləşdirilib. Təbii ki, ilk növbədə Güney Azərbaycandan olan soydaşlarımız üçün.
"Vikipediya"da Ramiz Rövşənə aid ingilis və türkcə də məlumatlar olub. Amma bu məlumatlar ötən ildən silinibmiş.
Medianews.az-ın araşdırmasına görə, ingiliscə məlumat 2024-cü il dekabrın 27-də, türkcə məlumat isə bundan bir neçə gün sonra - dekabrın 31-də silinib.
Beləliklə, bir ilə yaxındır "Vikipediya"da ingilis və türk dillərində Ramiz Rövşənə aid səhifə yoxdur.
Bəs bu iki dildə səhifələr nə üçün silinib?

Medianews.az suala cavab tapmaq üçün "Vikipediya"nın Azərbaycandakı inzibatçılardan olan Araz Yaquboğlu ilə əlaqə saxlayıb.
Araz Yaquboğlu bildirib ki, o, azərbaycanca "Vikipediya"nın inzibatçılardan biridir: "Xarici dillərdə baş verənlərdən o qədər də məlumatlı deyiləm. Saytınızın sorğusunu yalnız araşdırma aparıb cavablandıra bilərəm".
Bir qədər sonra Medianews.az təkrar Araz Yaquboğlu ilə əlaqə saxladıqda o, xəbəri təsdiqləyib: "Bəli, ingiliscə və türkcə "Vikipediya"dan Azərbaycanın Xalq şairi Ramiz Rövşən haqqında məqalələr silinib".
Araz Yaquboğlu bildirib ki, "Vikipediya"nın qaydalarına əsasən, hər hansı məqalə silinməzdən əvvəl "silinməyə namizəd səhifə" statusunda müzakirəyə çıxarılır: "Sizin saytınızın sorğusundan sonra baxdım ki, ötən ilin dekabrında Ramiz Rövşənə aid məqalələrlə bağlı belə bir müzakirə açılıbmış".
Müzakirənin məzmununa gəlincə, Araz Yaquboğlu deyib ki, məlumatın silinməsinə tərəfdar çıxan şəxslər Ramiz Rövşənin ensiklopedik şəxs olmaması və onun haqqında yerləşdirilən məqalədə neytrallıq prinsipinə əməl edilməməsi (terminoloji dildə: maraq toqquşmasına yol verilməsi) iddiasını irəli sürüblər. Müzakirə zamanı bu iddiaları rədd edib Ramiz Rövşənin Azərbaycanın görkəmli şairi olduğunu bildirən şəxsin səsi azlıqda qalıb, ona görə məqalələrin silinməsinə qərar verilib.
Araz Yaquboğlu onu da vurğulayıb ki, bu, daha heç vaxt "Vikipediya"da Ramiz Rövşən haqqında ingiliscə və türkcə məlumatların yerləşdirilməyəcəyi anlamına gələ bilməz: "Xeyr, belə səhifələr yenidən yaradıla bilər. Sadəcə, bununla ciddi məşğul olmaq gərəkdir".